«Oktyabrda keçiriləcək prezident seçkiləri Azərbaycana demokratik dəyərlərin inkişafı baxımından möhtəşəm imkan yaradır».
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi iyunun 24-də «Azərbaycan Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər» mövzusunda konfransda bildirib.
Səfir deyib ki, Azərbaycan özü Avroatlantik məkana inteqrasiya yolunu tutub və bu, ölkənin müstəqilliyinin qorunması üçün ən yaxşı yoldur.
Amma səfir diqqəti ona yönəldib ki, Avratlantik qurumlar, xüsusilə də NATO sadə hərbi ittifaqdan daha çox, demokratiya və qanunun aliliyi kimi dəyərləri paylaşan oxşar dövlətlərin birliyidir:
«Azərbaycan da bu məqsədlərə nail ola bilər. Lakin bu əzmkarlıq tələb edir».
Dersi deyib ki, azad və ədalətli seçkilər yalnız səslərin verilməsi və hesablanması ilə yekunlaşmır:
«Bu seçimi təmin etmək üçün seçicilərin və namizədlərin qeydiyyatına, siyasi kompaniyaların keçirilməsinə, şikayətlərin baxılmasına şəffaf yanaşılmalıdır».
Səfir deyib ki, insanlara sərbəst seçim üçün liderlərə tənqidi yanaşmaq hüququ da verilməli, toplaşmaq hüququ təmin edilməlidir. Belə ki, demokratiya şəraitində hökumət nümayəndələrini və dövlət siyasətini tənqid etmək xəyanət demək deyil. «Bu demokratiya prosesin mühüm hissəsidir».
Mətbuatın durumuna toxunan diplomat vurğulayıb ki, media nə hökumətin, nə də ki hansısa siyasətçinin əlində alət olmamalıdır.