Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 14:05

«Ermənistan qalib gələcək»


«Hələ görülməli çox iş var»
«Hələ görülməli çox iş var»

«Son bir neçə ayda Ermənistan iki səbəbdən Avropanın xəbər gündəmində olub: bunlardan biri bəd, digərisə xoş hadisəylə bağlıdır. Birinci hadisə prezident seçkisindən sonra paytaxt Yerevanda baş vermiş iğtişaşdır. İkincisi isə iyunun 7-də azərbaycanlı həmkarımla görüşümdür».


Ermənistan prezidenti Serj Sarkisyan «Azadlıq» radiosuna eksklüziv məqaləsində («Ermənistan qalib gələcək») belə yazır. Onun sözlərinə görə, hər iki hadisə Ermənistanın keçid dövründə olduğunu göstərir: «Bir çox probleminin olmasına baxmayaraq Ermənistan davamlı, uğurlu idarəçiliyə aparan yolun bir hissəsi kimi islahatları daha da dərinləşdirir, demokratik institutlarını gücləndirir».


Sarkisyan yazır ki, seçkidən sonrakı fikir ayrılıqları ona geniş siyasi koalisiya yaradaraq parlamentdəki 5 fraksiyadan 4-nü bir araya gətirmək fürsəti verib: «Bu koalisiyanın missiyası əsas etibarilə hazırda həyata keçirdiyimiz geniş miqyaslı, demokratik yönümlü, sosial-iqtisadi islahatlardan ibarətdir».



«Bir çox probleminin olmasına baxmayaraq Ermənistan davamlı, uğurlu idarəçiliyə aparan yolun bir hissəsi kimi islahatları daha da dərinləşdirir, demokratik institutlarını gücləndirir»

Ermənistan prezidenti yazır ki, ölkədə demokratik təsisatların fəaliyyətiylə bağlı AŞ PA-nın 1609 saylı qətnaməsinin hərfinə və ruhuna uyğun olaraq işləyirlər. Beynəlxalq standartlara uyğun aparılan bu islahatlara toplantı, mitinq və nümayişlərin keçirilməsi haqqında qanuna dəyişikliklər edilməsi, parlament müxalifətinin hüquqlarının genişləndirilməsi, Seçki Məcəlləsinə ATƏT-in tövsiyələrinə uyğun dəyişikliklər paketinin hazırlanması, radio və televiziya haqda qanuna mühüm düzəlişlərin edilməsi daxildir: «Bütün bu islahatlar Avropa Şurası Venesiya Komissiyasının verdiyi ekspert rəyləri əsasında həyata keçirilir».


Sarkisyan bildirir ki, bunlar son seçkidən sonra yaranmış narazılığı aradan qaldıracaq, erməni xalqı üçün daha çox azadlıqları təmin edəcək uzunmüddətli islahatlara aparan qətiyyətli tədbirlərdir.


Prezident yazır ki, onlar bu islahatlar prosesinin dəstəklənməsinə və effektiv həyata keçirilməsinin təmin olunmasına yönəlmiş Avropa İttifaqının istənilən təklifini müzakirə etməyə hazırdılar: «AŞ PA-nın tövsiyələrinə uyğun olaraq seçkidən sonrakı faciəli hadisələri araşdırmaq məqsədilə Milli Assambleyanın bütün fraksiyalarını bir araya gətirən müvəqqəti parlament komitəsi yaratmışıq. Bu komitə bütün faktları araşdırmaq və müstəqil qənaətə gəlmək üçün mümkün olan ən geniş səlahiyyətə malik olacaq».


Sarkisyan yazır ki, vətəndaş cəmiyyəti institutlarını və müstəqil beynəlxalq ekspertləri də bu işdə iştirak etməyə dəvət edirlər: «AŞ PA-nın Monitorinq Komitəsiylə birlikdə bu günə qədər mühüm irəliləyişlər əldə etmişik. Ancaq hələ görülməli çox iş var. Başa düşürük ki, Avropanın və ümumilikdə beynəlxalq ictimaiyyətin tərəfdaşı kimi bizim cəlbediciliyimiz təhlükə altındadır. Əminik ki, ölkəmiz keçid dövründə ilişib qalmayacaq. ABŞ-ın vətəndaş hüquqları uğrunda hərəkatından nümunə götürərək əminliklə bildirirəm ki, demokratik inkişaf istiqamətindəki çətinliklərimizə baxmayaraq biz buna nail olacağıq».


Azərbaycandakı ekspertlər və siyasi şərhçilər isə bildirirlər ki, Serj Sarkisyanın bu tezisləri reallığı əks etdirmir. «Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyevin fikrincə, bu, xarici auditoriyaya hesablanmış fikirlərdir:


«Prezident seçkisindən sonra Ermənistan hakimiyyəti Qərbdə mənfi obrazla tanınmağa başladı. İlk növbədə demokratik imici bərpa etmək üçün Sarkisyan öz ritorikasını dəyişməliydi. O, göstərmək istəyir ki, demokratik dəyərlərə sadiqdir, bundan sonra da Ermənistanda demokratik dəyərlərə xüsusi fikir veriləcək. Ancaq inandırıcı görünmür. Ona görə ki, beynəlxalq təşkilatlar Ermənistandakı vəziyyəti izləyirlər. Real vəziyyətin necə olması haqqında xeyli məlumatlıdırlar».


Digər politoloq Ərəstun Oruclu isə deyir ki, bu tezislərin gündəmə gəlməsi Ermənistandakı seçkidən sonrakı vəziyyətlə bağlıdır. Sarkisyan bu tezislərlə həm də Ermənistan cəmiyyətinə mesaj göndərir:


«Sarkisyan bu tezisləri mesaj olaraq Ermənistan cəmiyyətinə verir. Hansı ki, bu cəmiyyətin böyük bir hissəsi onu qəbul etmir. Belə olan halda ölkədə hansısa sabitlikdən və dayanıqlı hakimiyyətdən danışmağa dəyməz».


Ekspertlər deyirlər ki, Serj Sarkisyan öz fikirlərində səmimi deyil, istəyisə siyasi rəqiblərini neytrallaşdırmaqdır.


XS
SM
MD
LG