Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:31

«İqtidar bizi davamlı olaraq artilleriya atəşi altında saxlayır»


«Azərbaycan mediasının ən böyük problemi iqtisadi asılılıqdır»
«Azərbaycan mediasının ən böyük problemi iqtisadi asılılıqdır»

«Azərbaycanda söz azadlığı sarıdan hər hansı problem yoxdur». Bunu «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyir. Onun fikrincə, iqtidar azad sözə hər zaman sayğıyla yanaşır:


«Söz və mətbuat azadlığından Azərbaycan xalqı da bəhrələnir, jurnalistlər də. Üstəlik, bəzən vətəndaşlar söz və mətbuat azadlığından ziyan da çəkirlər».


Sadıqovun fikrincə, Azərbaycan mediasının ən böyük problemi iqtisadi asılılıqdır. Ancaq o, bu problemin də yaxın zamanlarda çözüləcəyini deyir. Çünki Mətbuat Şurasının iştirakı ilə KİV-ə dövlət yardımı konsepsiyası işlənib hazırlanıb və Prezident Aparatına təqdim olunub. Bəxtiyar Sadıqov deyir ki, bu konsepsiya qəbul ediləndən sonra Azərbaycanda media qurumları və jurnalistlərin qarşılaşdığı maddi və sosial problemlər çözüləcək.


Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxli isə fərqli düşünür. Onun sözlərinə görə, Azərbaycanda söz azadlığının bəlli çərçivələri var. Bu çərçivələri aşan jurnalistlərin isə dəmir barmaqlıqlar arasına düşmək ehtimalı böyükdür. İndi həbsxana həyatı yaşayan «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid, onun qardaşı Mirzə Sakit, «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin rəhbəri Eynulla Fətullayev məhz jurnalist fəaliyyətinə görə cəzalandırılıblar:



«Xeyli cəsarət və dəyanət lazımdır ki, belə şəraitdə həmişə sözünü deyə biləsən. Biz öz fikrimizi ifadə etməkdə azadıq, iqtidar da bizi dediyimiz sözlərə görə cəzalandırmaqda azaddır»

«Xeyli cəsarət və dəyanət lazımdır ki, belə şəraitdə həmişə sözünü deyə biləsən. Biz öz fikrimizi ifadə etməkdə azadıq, iqtidar da bizi dediyimiz sözlərə görə cəzalandırmaqda azaddır».


Elçin Şıxlı beynəlxalq birliyin Azərbaycan iqtidarından israrla tələb etməsinə baxmayaraq həbsdəki jurnalistlərin tezliklə azad ediləcəyinə də inanmır. O, mediayla bağlı bütün problemlərin məmurların informasiya ilə işləmək bacarığının olmamasından qaynaqlandığını düşünür:


«Məmurlar jurnalistlərin yazdığı problemləri aradan qaldırmaq əvəzinə, onları bu problemi qabartdıqlarına görə cəzalandırmaqla azad sözlə açıq mübarizə aparırlar».


«Yeni Müsavat» qəzetinin köşə yazarı Zamin Hacı isə deyir ki, buna artıq mübarizə demək olmaz:


«Artıq bu, müharibə şəklini alıb. Yəni bir öldürülmüş şəxs, bir neçə vəhşicəsinə döyülmüş, hətta üstündən xeyli vaxt keçsə də, özünə gələ bilməyən Bahəddin Həziyev var. Həbsdə olanlar, belə deyək əsir götürülənlər, fərarilik edənlər – ölkədən qaçanlar, alınmış qəzet redaksiyaları var. Müharibə termini ilə desək, mövqelərin ələ keçirilməsi və daimi basqı var. İqtidar bizi davamlı olaraq artilleriya atəşi altında saxlayır».


Zamin Hacının sözlərinə görə, Azərbaycanda hər şeydən yazmaq mümkün deyil. O, düşünür ki, ölkədə mətbuat üzərində senzura olmasa da, 2005-ci il martın 2-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetiriləndən sonra jurnalistlər sərbəst yazmaqdan qorxurlar. Çünki Azərbaycanda heç kim jurnalist qətlinin təkrarlanmayacağına təminat vermir.


Son bir neçə ildə Avropa Məhkəməsinə azad sözlə bağlı hüquqpozmalar haqda Azərbaycandan göndərilən şikayətlərin sayı kəskin artıb. Bunu Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev deyir. İqtidar təmsilçiləri isə əks arqument olaraq hətta Avropanın ən inkişaf etmiş ölkələrindən də mediayla bağlı Avropa Məhkəməsinə müraciətlərin edildiyini bildirir. Bu şikayətlər arasında paralellər aparan İntiqam Əliyev Avropa ölkələrindən edilən şikayətlərin mürəkkəb mübahisəli situasiyalarla bağlı olduğunu bildirir. Azərbaycanda isə jurnalistlərin ən elementar haqları belə pozulur:


«Normal hökumət zəruri addımlar atmalıdır. Jurnalistlərin döyülməsi, öldürülməsi faktları ilə bağlı ciddi araşdırma aparıb cinayətkarları cəzalandırmaq lazımdır».


İntiqam Əliyevin sözlərinə görə, Azərbaycan iqtidarı ölkədə söz azadlığının təmin edilməsilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmir. O, belə davam edərsə, Avropa Məhkəməsinə edilən şikayətlərin kütləvi xarakter daşıyacağını deyir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG