Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:38

İsmayıllı kəndlərində qapıların çoxu bağlıdır


«Camaat çörək pulunu zorla qazanır...»
«Camaat çörək pulunu zorla qazanır...»

«İsmayıllıda hərə bir çətinliklə başını dolandırır. Bolluq, dolanışıq olsa, lap yaxşı olar, indi çətindir».


İsmayıllı sakini Adilə Bağırovanın bu sözlərini rayonda çox adamdan eşitmək olar. Təbiətinə, suyuna-havasına görə çox zəngin olan bu rayonun sakinləri deyirlər ki, həddən artıq kasıbdırlar. Bunu İsmayıllının kəndlərinə gedən kələ-kötür yollarda da, adamsız küçələrdə də, bazarda da, yayın isti günlərində çır-çırpıyla ocaq qalanan evlərdə də görmək olar.


Taksi sürücüsü Kamil də yolboyu rayonun problemlərindən danışır. Deyir ki, işiylə bağlı Bakıda tez-tez olur, xüsusilə meyvənin qiymətinin necə baha olduğunu görür. İsmayıllıda isə meyvə bağlarında məhsul zay olub gedir. Kamil deyir ki, indi taxıl qıtlığından, qiymətlərin bahalığından çox danışırlar:


«Əvvəllər bu yerlər üzümlük idi. Sonradan camaata əmlak payı kimi verdilər. İstifadə edə bilməyən çoxdur. Camaat çörək pulunu zorla qazanır...»


Camaat danışır ki, bu rayonda adamların əkib-becərməyə gücü çatdığı kartof-soğan, göy-göyərtidir. O qədər də kiçik olmayan rayon bazarında da ən çox bu məhsulları arabalarına yükləmiş adamları görmək olur.


Arabaçı Valeh danışır ki, işi çətindir, qazancısa az:


«Bu başdan o başa mal daşıyıram ki, çörəkpulumu çıxardam».


Bazarın içindəsə hay-küy var. Alıcılar bahalıqdan, satıcılarsa alıcıların olmamasından şikayətlənirlər:


«Səhərdən oturmuşam, gəlib-gedən yoxdur».


Satıcılar deyirlər ki, onlar indi kənardan rayona istirahətə gələnlərin yolunu gözləyirlər. Onda alış-verişləri çoxalır.


Yay olsa da, camaat işıq problemindən, su çatışmazlığından da çox şikayətlənir.


Camaat danışır ki, son illər İsmayıllının əhalisinin sayı azalıb. Bu, daha çox işsizlik üzündən rayondan gedənlərin çoxalmasıyla bağlıdır. Kəndlərdə qapıların çoxu bağlıdır:


«Hamı gedir, xüsusilə gənclərin böyük bir hissəsi, qınamaq da olmur. Elə biri mən, nə etmək olar, işsizlikdir».


İşsizlikdən şikayətlənənlərdən biri də Eyvazdı. Ali təhsilli bu adam bazarda soğan satır.


Eyvaz deyir ki, indi hamı turizmi inkişaf etdirməkdən danışır. O da bu sahəylə maraqlanıb. Bir ara evlərindən pansion kimi istifadə etmək fikrinə də düşüb. Ancaq həm maddi imkansızlıqdan, həm də rayonda bu işə dəstək verən olmadığından planından əl çəkməli olub.


Ancaq Eyvaz başqa həmyerliləri kimi ümid edir ki, vaxt gələcək evini gəlirli pansiona, pansionunu isə İsmayıllıda rast gəlinməyən mehmanxanaya çevirə biləcək. İndiliksə o pansiona çevirmək istədiyi evinin həyətində soğan əkib bazarda satmaqla məşğuldur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG