Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 15:55

«Onun yeganə günahı ana dilində təhsil istəməsidi»


Ərdəbil Universitetinin tələbəsi Əsgər Əkbərzadə
Ərdəbil Universitetinin tələbəsi Əsgər Əkbərzadə

İranın Ərdəbil Pəyame Nur Universitetinin kimya fakültəsinin tələbəsi Əsgər Əkbərzadə iyunun 9-da həbs olunub. Həmin vaxtdan bəri ailəsinin ondan xəbəri yoxdu.


«Azadlıq» radiosuna müsahibəsində məhbusun anası Həmayil Əzizi bildirib ki, oğlunu imtahan mövsümünün qızmar çağında universitetin qarşısında günahsız həbs ediblər.


Əkbərzadə Azərbaycan türkcəsində təhsil hüququ uğrunda hərəkatın fəalı kimi tanınır. O, 2006-cı ilin may hadisələrindən sonra həbs olunmuş, 600 min tümən (700 dollara yaxın) cərimə qarşılığında azadlığa buraxılmışdı.


Bundan sonra 2006-cı ilin sentyabr ayında məktəblərin açılışı ilə bağlı «Türk dilində mədrəsə» şüarları yaydığına görə 4 aylıq həbs olunmuşdu. Beynəlxalq Amnistiya Təşkilatı Azərbaycan fəalının hüquqlarının müdafiəsi məqsədi ilə iki dəfə təcili bəyanat verib. Əkbərzadə 2008-ci ilin aprelində cəzasını başa vurub yenidən universitetə qayıtmışdı.


Həmayil Əzizi oğlunun aclıq aksiyası etdiyini güman edir. Anasının sözlərinə görə, Əkbərzadənin yeganə günahı Azərbaycan türkcəsində təhsil istəməsidi.


İran Konstitusiyasının 15-ci maddəsi ölkədə yaşayan bütün xalqların öz dilində təhsil almaq haqqını tanıyır. Lakin bu ölkədə yaşayan azərbaycanlıların və digər milli azlıqların ana dilində məktəbi yoxdur.


XS
SM
MD
LG