«Özbəkistanın dövlət televiziyasında «Azadlıq» radiosunun özbək xidməti haqda göstərilən proqram bizim jurnalistləri qəsdən təhlükəyə salmaq cəhdidir». Bu bəyanatı Azad Avropa/ Azadlıq Radioları Korporasiyasının prezidenti Cefri Qedmin verib.
Bəyanatda deyilir: «Özbəkistan hökuməti bizim jurnalistləri cinayətkar kimi qələmə vermək istəyir. Ona görə də bu, ya jurnalistlərə qarşı hücumlara sövq etməkdir, ya da belə hücumlara tamaşaçıların gözündə haqq qazandırmaqdır. Belə hərəkətlər hörmət doğuracaq hökumətin hərəkətlərindən çox, qanunsuz rejimə məxsus bir davranışdır. Bizim jurnalistlərin və ya onların ailə üzvlərinin başına bir iş gəlsə, beynəlxalq ictimaiyyət Özbəkistan prezidenti İslam Kərimovdan cavab istəməlidir».
İyunun 9-u və 10-u Özbəkistanın dövlət televiziyası bir saatlıq proqramda «Azadlıq» radiosunun özbək xidmətinin jurnalistlərini jurnalist etikasını pozmaqda və dövlət əleyhinə fəaliyyətdə ittiham edib.
Beynəlxalq Böhran Qrupu, «Sərhədsiz Reportyorlar» «Azadlıq» radiosunun özbək xidmətinə qarşı bu hərəkətləri pisləyirlər.