Sabiq Səhiyyə naziri Əli İnsanovun ailəsinin iddiası təmin olunmayıb. Onlar bir il bundan əvvəl İnsanovun Moskvada çap olunmuş ali məktəb tələbələri üçün nəzərdə tutulan «Vərəm» adlı dərsliyin gömrükdən buraxılmasını istəyirdilər. Bunu «Azadlıq» radiosuna vəkil Toğrul Babayev deyib.
Vəkilin sözlərinə görə, Əzizbəyov Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə keçən prosesdə heç bir əsas gətirilmədən iddia təmin edilməyib.
Sabiq nazirin dərsliyi Moskvada çap olunub və 1000 nüsxədən çoxdur. Azərbaycanın gömrük orqanları həmin dərsliyi sərhəddən buraxmırlar.
Toğrul Babayev onu da bildirib ki, iyunun 12-də Əli İnsanovun Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Televiziyasına (AzTV) qarşı şərəf və ləyaqətin alçaldılması iddiası ilə bağlı ərizəsinə baxılacaq. Sabiq nazir AzTV-də nümayiş olunan filmdə onun evindən qızıl külçələr və digər qiymətli əşyaların tapılması barədə süjetdə ona böhtan atıldığını, həmçinin həmin zinət əşyalarının ona məxsus olmadığını bildirir.
Sabiq Səhiyyə naziri Əli İnsanov ötən il müxtəlif iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.