Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:20

«Bir məmur Şüvəlanda 34 evi birdən alıb»


Şüvəlan sakinləri deyirlər ki, get-gedə kəndə imkanlı adamların marağı artır
Şüvəlan sakinləri deyirlər ki, get-gedə kəndə imkanlı adamların marağı artır

Yolumuz Bakının 32 kəndindən biri olan Şüvəlanadı. Xəzər dənizinin yaxınlığında yerləşən Şüvəlanda 5 mindən çox sakin qeydiyyatdadır. İllər uzunu kəndin camaatı çörəyini torpaqdan çıxarıb.


«Şüvəlan qızılgüllər kənddiydi. Əkib-becərib Moskvaya vurardılar, orda satardılar… İndi xiyar, pomidor Xaçmazdan gəlir, əvvəllər amma özümüz əkirdik...»- , bu kənd sakinlərinin fikirləridir.


Elə kəndin yolları da darısqallıqdı. Bəlkə də qədimdə at-arabaya yarıyarmış, amma indi iki maşın qarşı-qarşıya gələndə gərək biri yana verib saxlasın, özü də bu dar yolda heç piyadanın hərəkəti üçün səki yoxdu.


Şüvəlan sakinlərinin dad döydüyü bir problem də kanalizasiya sisteminin olmamasıdı.


Amma kənd icra nümayəndəliyindən deyirlər ki, magistral yolda kanalizasiya xətləri çəkildiyi üçün yoldan istifadə müvəqqəti dayandırılıb. Yaxın vaxtlarda yol problem həll olunacaq. Bunun ardınca kanalizasiya arzusu da yerinə yetəcək.


Şüvəlan sakinləri deyirlər ki, get-gedə kəndə imkanlı adamların marağı artır. Nəticədə yerlilərin sayı azalır, əksəriyyəti torpağını satıb başqa yerə köçür.


Sakinlər deyirlər ki, yüksək vəzifəli bir dövlət məmuru 34 evi birdən alıb. Nazirlərdən birinin isə Şüvəlanda özünə bağ alıb yer-yurd eləməsi qonşuların işinə yarıyıb. Belə ki, o, abadlıq işləri aparıb, küçəyə işıq dirəkləri çəkdirib. Amma sakinlər deyir ki, bu küçədə işıq yanır, o birisi isə qaranlıqda qalıb.


Dənizin yaxınlığında yerləşən kənd kurort zona sayılır. Buna görə də bağ mövsümü yaxınlaşanda kəndin siması da dəyişir, haylı-küylü olur. Şüvəlanda villası və ya bağı olmayanların könlündən bir müddət dəniz qırağında yaşamaq keçərsə, buna imkan var. Yerli sakinlərin bəzilərin evini kirayə verməklə çörək pulu qazanırlar.


Çimərlik mövsümünün başlaması indi mürgü döyən taksi sürücülərini dirçəldir, qaz vurub qazan doldurmasalar da, evlərinə beş-on manat çörək pulu apara bilirlər. Sürücülər deyir ki, yerlilər az pul verir, əsas gəlirləri mövsüm başlayanda olur.


Mərdəkan qəsəbəsində isə vəziyyət bir az fərqlidir. Burada imkanlı şəxslərin, məmurların villaları çox olduğundan işıq-qaz problemi olmur. Amma mərdəkanlıların ən yaralı yeri işsizlikdi. Bununla yanaşı bu kurort qəsəbəsi miqrasiya üçün əlverişli yer sayılır. Mən qəsəbənin mərkəzində yerlilərdən çox, Yardımlı, Cəlilabad və ölkənin digər bölgələrindən iş üçün Mərdəkana axışanları gördüm:


«İşləmək üçün gəlmişik. Fəhləlik edirik».


Mərdəkan sakini Asif Aslanov isə deyir ki, ona verilən 1 hektar torpağı su dərdindən əkib-becərə bilmir. Su olmayan torpağı icarəyə də vermək mümkün deyil.


Mərdəkanlıların da əsas gəlir yeri kirayədəndir. Amma yaxşı kirayə haqqı almaq üçün gərək evin də yaxşı da şəraiti olsun. Belə bir evə isə hər kəs sahib deyil. Mərdəkanda ev var ki, yay mövsümünə 4-5 min dollara kirayəyə verilir, ev də var ki, otağını günü bir manatdan verir. Bu otaqda da 5-6 nəfər, bəzən isə 10 nəfər qalır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG