Keçmiş sovet məkanında siyasi mövqeyini ifadə etməkdən çəkinənlərin sayı artıb. Bu nəticəyə «Gallup» Sorğu Mərkəzi apardığı araşdırma nəticəsində gəlib.
Təşkilatın keçmiş sovet məkanın 14 ölkəsində apardığı sorğuya görə, bu ölkələrin 10-da öz siyasi mövqeyini ifadə etməkdən çəkinənlərin sayı 2006 və 2007-ci illərdə artıb. 7 ölkədə isə vəziyyət daha ağırdır. Bu sıraya Tacikistan, Ermənistan, Moldova, Özbəkistan, Litva və Gürcüstanla yanaşı Azərbaycan da daxil edilib. Özbəkistan 2006-cı il sorğusunda iştirak etməyib.
Tacikistanın liderlik etdiyi sorğuda 4-cü yerdə olan Azərbaycanda 2006-cı ildə bu göstərici 48 faiz olubsa, ötən il 60 faizə çatıb.
Sorğu göstərir ki, siyasi mövqelərinin ifadə etməkdə çəkinən insanların sayı Gürcüstan və Litvada da artıb. Hər iki ölkədə 2007-ci ilin rəqəmləri əvvəlki ildən iki dəfə çox olub. Ermənistan siyahıda ikinci yerdədir. 2006-da Ermənistanda 49 faiz olan rəqəm 2007-də 69-a çatıb.