Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:09

«Müsavatın başında qara buludlar dolaşır»


Müsavatdan bildirirlər ki, yeni icarə müqaviləsinin yenilənməsi baş tutmur
Müsavatdan bildirirlər ki, yeni icarə müqaviləsinin yenilənməsi baş tutmur

«Müsavat Partiyasının qərargahı yenidən diqqət mərkəzindədir. Bu diqqət, seçkiyə 5 ay qalmış bir məqamda prezidentliyə əsas iddiaçının fəaliyyəti ilə əlaqəli deyil. Amma tələsməyək, bəlkə də əlaqəlidir. İş ondadır ki, partiyanın yerləşdiyi qərargahın sökülməsi xəbəri yayılıb». Bu barədə «Bizim Yol» geniş məqalə dərc edib.


Qəzet yazır ki, partiyanın yerləşdiyi inzibati bina hazırda «İnşaat-2» Səhmdar Cəmiyyətinə məxsusdur. Binanın sökülməsi barədə göstərişin olduğunu isə partiya qərargahı qarşısında xəritəçəkmə və geodeziya işləri ilə məşğul olan şəxslər söyləyib.


«Yeni Müsavat»ın redaktoru Azər Ayxan bildirib ki, 3 gün əvvəl ərazidə mühəndis-geodeziya işləri aparılıb, eyni zamanda qərargahın yaxınlığında sökmə işlərinə başlanılıb. Baş verənlər isə onlarda narahatlıq yaratmaya bilməz: «Biz hələ ki, müşahidə aparırıq, bu günədək gəldiyimiz nəticə odur ki, bu işlər bizə xoş sonluq vəd etmir».


Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı isə deyir ki, onların qərargahdan məhrum edilməsi üçün heç bir ciddi hüquqi əsas yoxdur. Onun sözlərinə görə, partiya ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Əmlak Komitəsi arasında 2003-cü ildə bağlanan icarə müqaviləsi yanvar ayında tamam olub. Müqavilənin yenilənməsi isə komitədə olan texniki problemlərə görə, hələ ki, baş tutmur.


«Boykot qərarının heç bir əhəmiyyəti yoxdur. Əslində bu düşərgənin mənsubları rəsmən bildirməsələr də, çoxları kluarlarda söhbət zamanı etiraf edirlər ki, prezident seçkilərində qalib İlham Əliyevdir» -, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov bu fikirdədir. O, bu barədə «Yeni Azərbaycan»a müsahibəsində belə deyib.


«Hesab edirəm ki, müxalifət partiyaları seçkiləri uduzacaqlarını bildiklərindən boykotu məqsədli şəkildə gündəmə gətiriblər. Bu, müxalifət üçün çıxış yoludur» -, deyə Əli Hüseynov bildirib.


«Sabiq səhiyyə naziri Əli İnsanovun müsadirə olunan əmlakı ilə bağlı ekspertiza keçirilsə də yekun rəy icraçılara hələ təqdim olunmayıb. Yalnız bu rəy təqdim olunduqdan sonra müsadirə olunan əmlakın hərraca çıxarılmasına başlanacaq». Bunun «Yeni Müsavat»a açıqlamasında sabiq nazirin vəkili Ağaveys Şahverdi məlumat verib. Onun sözlərinə görə müdafiə tərəfinin o ekspertiza rəyindən şikayət etmək hüququ var: «Hələlik ekspertizanın rəyini almamışıq».


«Ekspress» yazır ki, Rusiyada millətçilik zəminində cinayətlərin sayı artmaqdadır.


«Rusiyadakı soydaşlarımızın icma təşkilatlarının rəhbərləri Moskvada millətçilərin bir araya gələrək yeni hərəkat yaratmalarını diqqətlə izləsələr də, narahat olmadıqlarını deyirlər.


Moskvadakı azərbaycanlıların «Vətən» cəmiyyətinin sədr müavini Aslan Qurbanovun dediyinə görə, Rusiya millətçiləri indi sosial, daha doğrusu sosialist şüarlarla çıxış edərək kütlənin ən marginal təbəqəsinin nümayəndələrini ələ almaq, populyarlığını artırmağa çalışırlar.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG