Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:55

Müxalifət partiyalarının birgə sammitinin keçirilməsi təklif edilir


«Sammitin keçirilməsilə bağlı müxalifət partiyalarına müraciət ediləcək»
«Sammitin keçirilməsilə bağlı müxalifət partiyalarına müraciət ediləcək»

«Hazırda ölkədə yeni siyasi şərait yaranıb. Azərbaycan hakimiyyəti faktiki olaraq demokratiya imitasiyasından imtina edib, avtoritar rejimin möhkəmləndirilməsi xəttini götürüb».


Müsavat Partiyası başqanının müavini Arif Hacılı belə deyir. Onun sözlərinə görə, hakimiyyətin bu xətti götürməsi son günlər Seçki Məcəlləsi və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna edilən neqativ dəyişikliklər, o cümlədən jurnalistlərin hələ də həbsdə saxlanmasıyla bir daha təsdiqlənib. Ona görə də Müsavat ölkədəki vəziyyətin müzakirə olunması üçün müxalifət partiyalarının birgə sammitinin keçirilməsini təklif edir. Hacılı deyir ki, onlar sammitin keçirilməsilə bağlı müxalifət partiyalarına müraciət edəcəklər.


Artıq bu təklifə müəyyən reaksiyalar da var, özü də müəyyən şərtlərlə. Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sammitə o halda razıdı ki, burda seçkini boykot məsələsi müzakirə olunsun. AXCP sədrinin müavini Həsən Kərimovun fikrincə, artıq «Azadlıq» bloku seçkini boykot edəcəyi barədə son qərarını verib. Əgər sammitdə yenidən Seçki Məcəlləsi və ya sərbəst toplaşmaq azadlığı müzakirəyə çıxarılacaqsa, partiya bu tədbirdə iştiraka lüzum görmür.



«Əgər tərəflərin fikirləri kəskin şəkildə fərqlənirsə, bu tip sammitlərin hansı effekti ola bilər?»

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyir ki, onlar sammitdə iştiraka razıdırlar, ancaq bir şərtlə ki, tədbirdə iqtidarlı-müxalifətli bütün siyasi partiyalar iştirak etsin. Müzakirəyə çıxarılacaq məsələyə isə ADP-nin etirazı yoxdu. Cəlaloğlu hesab edir ki, anti-demokratik vəziyyəti əsas götürənlər bununla da Qarabağın Azərbaycandan qoparılmasına çalışırlar. Digər tərəfdənsə bəzi müxalifət qüvvələri radikal çıxışlar edib vəziyyəti daha da gərginləşdirirlər: «Belə çıxır ki, bizim hamımız - həm müxalifət, həm də iqtidar Qarabağın Azərbaycandan qoparılması üçün eyni işi görürük. İqtidar demokratiyanı boğur, müxalifət isə onu daha da şişirdir və Qarabağ əlimizdən gedir».


Bəs sammit müxalifətin narazı olduğu vəziyyəti dəyişə bilərmi? Sərdar Cəlaloğlu deyir ki, gec də olsa o ümidlidi: «Heç olmamaqdansa, gec olmaq daha yaxşıdı».


«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu ideyanı məqbul saysa da, qatarın artıq getdiyini deyir. Onun fikrincə, sammit partiyaların seçki ilə bağlı qərarlarından qabaq keçirilsəydi, daha effektli ola bilərdi. Bir tərəfdən müxalifət fəallaşar, digər tərəfdənsə cəmiyyətdə seçki əhval-ruhiyyəsi oyanardı: «Əgər tərəflərin fikirləri kəskin şəkildə fərqlənirsə, bu tip sammitlərin hansı effekti ola bilər?».


Rəşidoğlu deyir ki, müxalifətin indiki addımlarını təhlil edəndə bir məsələ aydın olur: seçkidəki məğlubiyyətdə daha çox kimin günahkar olmasıyla bağlı səslənəcək ittihamlara zəmin hazırlamaq.


Müsavat Partiyası isə sammitlə bağlı təklifin mənfi qarşılanacağından narahat deyil. Partiyanın başqan müavini Arif Hacılı deyir ki, əgər müxalifət partiyaları onların təklifinə qoşulmasa, təkbaşına qərar qəbul edəcəklər. Amma bu qərarın boykot, yoxsa seçkidə iştirakla bağlı olacağı hələ məlum deyil.


Seçki Məcəlləsinə və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişikliklərə qədər Müsavat Partiyası seçkiyə qatılmaqda israrlıydı. Hətta partiya başqanının prezidentliyə namizədliyi də irəli sürülmüşdü. Amma həmin dəyişiklikləri daha anti-demokratik hesab etdiyindən hazırda bu partiyanın da seçkidə iştirak qərarında tərəddüdlər yaranıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG