Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

«Sahil» bağı satılıb»


«Burada Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya abidə ucaldılacağı güman edilirdi»
«Burada Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya abidə ucaldılacağı güman edilirdi»

«Bakının bağ və parklarının tikinti maqnatları və onlara himayədarlıq edən məmurlar tərəfindən kütləvi şəkildə ələ keçirilməsi və məhv edilməsi son vaxtlar adi hal alıb. Bütün norma və çərçivələri aşan oliqarxlar gözlərinə görünən, maraqlarına cavab verən hər yeri ağına-bozuna baxmadan ələ keçirirlər». Bu barədə «Yeni Müsavat» manşet məqaləsində yazıb.


Qəzet yazır ki, hamının «26-lar bağı» kimi tanıdığı «Sahil» bağı da oliqarxlar tərəfindən satın alınıb. Bu barədə «Yeni Müsavat»a məlumat verən mənbə bağın yerində çoxmərtəbəli binaların inşa ediləcəyini bildirib.


«Ölkə başçısı İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülün Bakıya son səfəri zamanı ona məhz «Sahil» bağı ilə bağlı vəd veribmiş. Daha dəqiq desək, o, türkiyəli həmkarı ilə söhbətində paytaxtımızda Bakının erməni daşnaklarından təmizlənməsində əvəzsiz rol oynamış Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya möhtəşəm abidə ucaldılacağını və həmin heykəl üçün layiqli yer seçdiklərini də bildiribmiş. Bu yer kimi də «Sahil» bağı nəzərdə tutulurmuş. İ.Əliyev heykəlin adıçəkilən bağda – «26 Bakı komissarı» abidəsinin yerində ucaldılacağını da deyib».


Qəzet yazır ki, sonra isə həmin ərazinin hansısa yüksək rütbəli məmurun tikinti şirkətinə satılması reallaşdırılıb.


«Məsələyə aydınlıq gətirmək məqsədilə dünən «Sahil» bağına baş çəkdik. Biz ərazidə olarkən bağın hasara alındığının şahidi olduq. Oradakı ot örtüyü başqa əraziyə daşınırdı. Bağda işləyən fəhlələr bağda olan ağacların da yaxın günlərdə çıxarılaraq, başqa ərazilərə köçürüləcəyini bildirdilər.


«Azadlıq» qəzeti yazır ki, iyulun 6-da bütün ümumtəhsil məktəblərində buraxılış imtahanları başlayır. Amma «Təhsil Nazirliyindən savayı hamı imtahan həyəcanı yaşayır». «Ötən il Azərbaycanın bir neçə şəhər və kənd rayonunda ilk dəfə, eksperiment olaraq orta məktəblərin buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada, test üsulu ilə keçirildi. Onbirincilər bütün fənlərdən eyni tələblər üzrə imtahan verməli oldular. Müxtəlif qanun pozuntularına əsaslanan güzəştlərlə birgə, bir xeyli şagird məzun adını qazana bilmədi - biliyi qeyri-kafi olanlar attestat almadılar. Doğrudur, deyilənə görə elə keçən il də, hansısa vasitə və yollarla müəyyən haqq ödənəndən sonra onların bəzisinə attestat paylanıb. Ötənilki təcrübə Azərbaycan təhsil sisteminin mərkəzləşdirilmiş imtahana hazır olmadığını göstərdi».


«Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng layihələr bizi daha da sıx birləşdirir. Bu layihələr, eyni zamanda, bütün türk dünyası üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki digər türkdilli dövlətlər bu layihələrdən səmərəli şəkildə istifadə edə bilərlər və bunun üçün artıq ilkin razılaşmalar vardır». Bu barədə prezident İlham Əliyev Naxçıvanda bəyan edib.


Məlumatı «Azərbaycan» qəzeti yayıb. Prezident daha sonra bildirib ki, artıq Azərbaycan şirkətləri Türkiyə sənayesinə, infrastrukturuna öz sərmayələrini qoyurlar və bu, bizim üçün çox önəmlidir. «Çünki Azərbaycan şirkətləri tərəfindən xaricdə ən böyük sərmayələr qardaş ölkədə qoyulur ki, bu da təbiidir».


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG