Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:03

Stratsburqun «Bibiheybəti»


Belarus qaçqınlarının Strasburqda etiraz aksiyası, 26 yanvar 2006
Belarus qaçqınlarının Strasburqda etiraz aksiyası, 26 yanvar 2006

Bugünkü söhbətimiz sərbəst toplaşmaq azadlığı barədədir. Xaricdə yaşayan azərbaycanlılar bu hüquqdan necə istifadə edirlər?


Sərbəst toplaşmaq haqqında söhbətimizə Fransadan başlayırıq. Amma Parisdən yox, Strasburqdan. Çünki adətən Azərbaycanda baş verənlərlə bağlı mənfi hallara ilk reaksiya elə bu şəhərdən gəlir - Strasburqda yerləşən Avropa Şurasından. Strasburqun özündə necə, sərbəst toplaşmaqla bağlı hansı azadlıqlar, hüquqlar və məhdudiyyətlər var? Bu sualla bağlı həmin şəhərdə yaradılan azərbaycanlı tələbələrin Strasburq Forumunun rəhbəri Elnur Məcidli ilə danışdıq. Elnur son bir ildə bir-neçə aksiyanın - 28 mayda Müstəqillik Günü, 31 dekabrda Həmrəylik Günü, 26 fevralda Xocalı faciəsi və mart ayında Novruz bayramı münasibətilə keçirilən aksiyaların təşkilatçılığında iştirak edib. Odur ki, suallarımızı da elə ona ünvanladım. Strasburqda aksiya keçirmək üçün nə etmək lazımdır?


Elnur Məcidli:


- Bununla bağlı icazə almaq proseduru qəliz deyil. Strasburq valiliyinə, yəni Strasburq Şəhər İcra Hakimiyyətinə müraciət edirsən və əgər yürüş keçirirsənsə, onlara istiqaməti bildirirsən: haradan haraya. Biz onlara yol xəritəsini verdik və onlar razılıqlarını verdilər. Bu razılıq bir günün içində alındı. Bizim təhlükəsizliyimizı qorumaq üçün polis də verildi ki, hər hansı qarşıdurma olduqda və ya problem yarandıqda bu polislər müdaxilə edə bilsinlər. Xocalı faciəsilə bağlı aksiya keçirəndə - baxmayarq ki, biz orada Ermənistan əleyhinə, Ermənistanın işğalı əleyhinə öz şüarlarımızı səsləndirdik, Fransa dövləti, Strasburq Şəhər İcra Hakimiyyəti buna heç bir əngəl törətmədi.


İlkin Məmmədov:


- Aksiyalar haqqında siz xəbərdarlıq və ya müraciət göndərəndə ola bilərmi ki, səsləndirəcəyiniz şüarlarla razılaşmasınlar və ya seçdiyiniz marşrutun tıxac və ya digər problemlər yaradacağını əsas tutaraq aksiyanı qadağan etsinlər?


Elnur Məcidli:


- Fransada ümumiyyətlə yürüş, aksiya keçirməklə bağlı geniş imkanlar tanınıb. Məsələn, biz müraciət edib Xocalı faciəsi ilə bağlı hər hansı bir tədbir keçirəndə buna əngəl törədilmir. Halbuki bizdə Fransanın ermənipərəst siyasət yürütdüyünü deyirlər. Hər hansı təşkilat seçdiyi məkanı Şəhər İcra Hakimiyyətinə bildirir və əgər orada hər hansı bir problem yoxdursa, - təmir işləri və ya nəsə başqa – icazə verilir. Biz bir dəfə müraciət etmişdik ki, burada şəhərin mərkəzində böyük meydan var, Flever, orada tədbir keçirək, amma orada böyük təmir işləri aparılırdı. Bizə dedilər ki, onun yanında başqa meydan var, Fras Frosen, o da şəhərin mərkəzindədir, tədbirinizi orada keçirin. Amma şəhərin kənarının və ya uzaq bir yerin təklif edilməsi olmayıb. Əgər Strasburqun mərkəzini istəyirsənsə, elə Strasburqun mərkəzində də yer təklif olunur. Daha doğrusu, biz təklif edirik, onlar qəbul edir.


İlkin Məmmədov:


- Bəs əgər spontan tədbir keçirilirsə, yəni əvvəlcədən xəbərdarlıq olunmur, nəsə baş verir və insanlar küçəyə çıxıb hansısa səfirliyin qarşısında nəyəsə etiraz etmək, və ya nəyisə qeyd etmək istəyirlər. Belə hallarda hüquq-mühafizə orqanları və ya şəhər rəhbərliyi nə edir?


Elnur Məcidli:


- Strasburqun yerli futbol komandası Fransa kubokunu alanda böyük canfəşanlıq oldu. Və ya bu il Türkiyədə «Qalatasaray» çempion olanda onun buradakı tərəfdarları küçədə maşınlarından siqnal verməklə və sair canfəşanlıqla bunu qeyd etdilər və buna görə onlarla «siz niyə icazəsiz aksiya keçirirsiniz»,- deyə heç kim qarşıdurmaya getmədi. Amma təbii ki, bu, xalqın, ictimaiyyətin göstərdiyi tolerantlıqdan asılı olan bir şeydir.


İlkin Məmmədov:


- Bəs bu bayram deyil, etiraz aksiyası kimi keçirilirsə. Məsələn, hansısa ölkə bir başqasını bombaladı və həmin bombalanan ölkənin 3-4 nəfər vətəndaşı çıxıb öz etirazını bildirsə, onda polis nə edir?


Elnur Məcidli:


- Yox, əgər iki-üç nəfərdirsə, Avropa Şurasının qarşısında aksiya keçirirlərsə və ya hər hansı bir səfirliyin qarşısında duranda, buna heç kim qarışmır. Sakit aksiya keçirilirsə, heç bir problem yaranmır. Amma kütləvi şəkildə - 100 nəfər, ya 200 nəfər hər hansı bir səfirliyin və ya konsulluğun qarşısında icazəsiz aksiya keçirirsə, səfirlik xəbər verir polisə və polis gəlib məsələni araşdırır. Bu araşdırma təhlükəsizlik baxımından aparılır, yoxsa aksiyanı dağıtmaq və ya onu əngəlləmək məsələsi yoxdur.


İlkin Məmmədov:


- Fransa öz yerində, indi də Azərbaycandan o qədər də uzaq olmayan Türkiyəyə keçək. Türkiyədə sərbəst toplaşmaq azadlığı necə təmin olunur, hansı məhdudiyyətlər var? Oradakı həmkarım Mais Əlizadə ilə məhz bununla bağlı söhbət etdik.


Mais Əlizadə:


- Bu barədə icazə almağa ehtiyac yoxdur, ancaq qubernatora məlumat verilir, filan gün, filan tarixdə aksiya keçiriləcək və bunun məsuliyyətini siyasi partiya öz üzərinə götürür. Əlbəttə, polis işçiləri də təhlükəsizliyi təmin etmək üçün gəlir, amma siyasi partiya (həmkarlar və ya qeyri-hökumət təşkilatları) da eyni zamanda mitinqin keçirilməsinin təhlükəsizliyinə təminat verəndən sonra mitinq müəyyən edilmiş saatda başlayır və vaxtında da bitir. Türkiyədəki siyasi partiyalar haqqında qanuna görə, hava qaralandan sonra mitinq keçirmək qadağandır. Əgər hava qaralandan sonra mitinq keçirilirsə, bu barədə polis öz raportunu yazıb prokurorluğa göndərir. Prokurorluq bununla bağlı həmin partiya haqqında və ya hava qaralandan sonra çixış edən siyasi partiya nümayəndələri barədə sorğu-sual aparır. Əgər sorğu-sual nəticəsində müəyyən olsa ki, mitinq və çıxışlar bilərəkdən uzadılıb və ya qayda-qanuna əməl olunmayıb, onda cəza verilə bilər. Hətta elə olub ki, Nəcməddin Ərbakan 1991-ci il seçkiləri ərəfəsində bölgələrdə mitinq keçirib və orada hava tez qaraldığından aksiyanın bir hissəsi qaranlığa düşmüşdü. Sonradan Nəcməddin Ərbakanı Baş bakan olmasına baxmayaraq siyasi partiyalar haqqında qanunun pozulması ilə bağlı prokurorluq sorğu-suala tutmuşdu. Hətta günah olduqda belə, məsələ xəbərdarlıq və ya cərimə ilə bitir, həbs cəzası tətbiq olunmur.


İlkin Məmmədov:


- Əgər hər hansı siyası partiyanın keçirdiyi aksiyada hökuməti istefaya çağırırlarsa və ya hökumətin siyasəti kəskin tənqid olunursa, onda bu, qanuna zidd sayılırmı və polis aksiyaya müdaxilə edirmi?


Mais Əlizadə:


- Qətiyyən elə şey ola bilməz, çünki hökumət dövləti müvəqqəti idarə edən bir orqandır. Dövlət ayrı bir şeydir, polis, təhlükəsizlik qüvvələri dövlətin orqanıdır, hökumətin yox. Ona görə də dövlət hökumətin kefinə görə hərəkət edə bilməz. Yəni hökuməti istefaya çağıra da, çox sərt tənqid də edə bilərlər, buna polis, təhlükəsizlik qüvvələri qarışa bilməz. Çünki bu gün Daxili İşlər naziri bir partiyadandırsa, sabah başqa partiyandadır, amma polislər 30, 40 il dövlətin xidmətində olacaq. Təhlükəsizlik xidmətləri bu 30-40 il ərzində 15-20 dəfə yeni nazir görəcəklər.


İlkin Məmmədov:


- Sonda demokratiyanın beşiyi dediyimiz Amerikaya göz ataq. Bu işdə bizə «Azadlıq» radiosunun əməkdaşı Qorxmaz Əsgərov yardımçı olacaq. Amerikada sərbəst toplaşmaq hüququ necə təmin olunur?


Qorxmaz Əsgərov:


- İstənilən halda, əgər təşkilatçılar orada sakitliyə, yəni iştirakçıların küçədə dinc adamlara hücum etməyəcəyinə və sair bu kimi qaydalara əməl edəcəyinə təminat verirlərsə, hakimiyyət orqanlarının borcu ondan ibarətdir ki, belə tədbirləri qorusun. Bu qanundan yararlanan təkcə normal siyası xəttin tərəfdarları olmur, həm də, məsələn, neofaşist tipli partiyalar da olur. Bu yaxınlarda belə bir hal oldu: neofaşist partiyası bir parad keçirərkən bu parada bir yəhudi vətəndaş hücum etmişdi. Polis neofaşistləri müdafiə etdi ki, belə çıxış etmək onların hüquqdur. Buşun İraq siyasətinə etirazla bağlı bir-neçə QHT çox iri nümayişlər keçirirdilər. Və bu nümayişlər ən mərkəzi yerləri əhatə edirdi. Nümayişçilər iri kolonlarla – haradasa 100 minə yaxın adam – şəhərin bir başından o biri başına qədər yürüş edirdi. Bu zaman yollar bağlandı ki, camaat sakit yürüş edə bilsin və polis də bütün bu müddət ərzində onların təhlükəsizliyini müdafiə etdi.


Şüarların səsləndirilməsi məsələsinə isə ümumiyyətlə hökumətin qarışmaq hüququ yoxdur. Hansı şüarı istəyirlər, onu da səsləndirirlər. Bir çox hallarda bu şüarlar hətta Amerikanın əsas siyasi qüvvələri tərəfindən qəbul olunmuş siyasi şüarlardan xeyli fərqlənə də bilər. Amma sözə görə insanların davranışına məhdudiyyət qoyulmur.


İlkin Məmmədov:


- Burada bir şeyi də dəqiqləşdirmək istərdik. Amerikada xəbərdarlıqsız, qəfil aksiya keçirmək olarmı? Məsələn, mən üç-dörd dostumla birgə nəyəsə etiraz etmək istəyirəm. Edə bilərəmmi? Harada edə bilərəm? Dövlət idarəsinə nə qədər yaxınlaşa bilərəm? Xəbərdarlıq etmədən aksiya keçirsəm, polis mənə nə edə bilər?


Qorxmaz Əsgərov:


- Xəbərdarlıqsız da aksiya keçirmək olar. Sadəcə, xəbərdarlıq edən tərəf hökumətdən müəyyən yardım istəyir ki, biz bir tədbir keçirəcəyik və bu tədbirin təhlükəsizliyini təmin etmək üçün bizə kömək edin. Xəbərdarlığın mənası bundan ibarətdir. Bir nəfər, iki nəfər hansısa bir idarənin qarşısında və bir meydanda durub hansısa bir şüarı səsləndirmək istəyirsə, bunun üçün ümumiyyətlə icazəyə ehtiyac yoxdur. Sadəcə, müəyyən qaydalar gözlənilir. Bu qaydalar ən adi insan ağlına gələn bir neçə əsas normadan ibarətdir. Məsələn, fikir vermisinizsə, Ağ Ev hasara alınıb. Bu hasarın xaricində, hətta düz yanında durub hansısa bir plakatla etiraz etmək olar. Amma təbii ki, həmin hasardan içəri girmək olmaz. Yaxud dövlət idarələrinin düz qarşısında durub etiraz etmək olar, ancaq bu idarələrə giriş və çıxışa mane etmək olmaz. Dövlət binasının içinə nümayişçilər girə bilməzlər.


İlkin Məmmədov:


- Hansı hallarda hüquq-mühafizə orqanları aksiyaya müdaxilə edib onu dağıdırlar, belə hallar olurmu?


Qorxmaz Əsgərov:


- Əgər biz müasir Amerikadan danışmırıqsa olub. Hazırda isə yalnız bir halda hüquq-mühafizə orqanları kütləvi tədbirlərin dağıdılmasına gedə bilər. O halda ki, nümayişçilər digər aksiyaçılarla ciddi qarşıdurmaya girirlər. Bu zaman hüquq-mühafizə orqanları faktiki olaraq hər hansı kütləvi tədbiri dağıtmır, sadəcə qanun pozuntusunun qarşısını alır. İkinci hal isə əgər nümayiş iştirakçıları acıq-aydın vandalizmə yol verirlərsə.


Bütün digər hallarda hüquq-mühafizə orqanlarının borcu istənilən fikri ifadə edən nümayişi mühafizə etməkdir, onu dağıtmaq yox. Və təbii ki, aksiyanın şüarlarının müəyyən edilməsindən ümumiyyətlə söhbət belə gedə bilməz.


İlkin Məmmədov:


- Belə, bugünkü verilişdə Azərbaycandan kənardakı həmyerlilərimizin sərbəst toplaşmaq hüququndan danışdıq. Bələdçiniz İlkin Məmmədov idi. Sağ olun.


Buna da bax:

XS
SM
MD
LG