Dövlət Əmək Müfəttişliyinin 7 saylı ərazi idarəsi Gəncənin elektron KİV-lərində yoxlama aparacaq. İdarənin rəhbəri Əkbər Nəsirlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, məqsəd yerli televiziyaların əməkdaşlarının sərf etdikləri əməyə uyğun maaş alıb-almadığını, əmək qanunvericiliyinə uyğun hüquqlarından istifadə edib-etmədiyini araşdırmaqdı.
Bunun müəyyənləşdirmək üçün müfəttişlər işçilərlə söhbət aparacaqlar. Əkbər Nəsirli deyir ki, araşdırma zamanı ortaya yanlışlıqlar çıxarsa, öz tövsiyələrini verəcəklər.
Gəncədə iki televiziya fəaliyyət göstərir. Əmək müfəttişliyi şəhərin elektron KİV-lərində belə bir yoxlamanı sonuncu dəfə bir neçə il əvvəl aparıb.