Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 18:23

«Venesiya Komissiyası dəyişikliklərə rəy verməlidir»


Semnebi Bakıya iyunun 2-də gəlib
Semnebi Bakıya iyunun 2-də gəlib

«Avropa Şurasının Venesiya Komissiyası Seçki Məcəlləsinə dəyişikliklərə rəy verməlidir». Bunu «Azadlıq» radiosuna Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. Onun sözlərinə görə, AB-nin Azərbaycandakı seçki mühiti ilə bağlı təsəvvürü bu rəy üstündə qurulacaq.


Semnebi hazırda Azərbaycan rəsmiləri ilə seçki islahatları, prezident seçkisinə hazırlıq, enerji əməkdaşlığı və Qarabağ münaqişəsini müzakirə edir.


Xüsusi nümayəndə deyib ki, onlar ümid edirlər ki, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşündə danışıqların davamı üçün hansısa razılıq əldə olunacaq:


«Əlbəttə gözləmirik ki, bir görüşlə münaqişə tam həll olunsun. Amma görüş vacibdir, çünki prezidentlər arasında etimad mühiti formalaşır».


P.Semnebi deyib ki, bundan əvvəl nazirlərin görüşü ümid doğurub.


Semnebi Bakıya iyunun 2-də gəlib. Onun Azərbaycan rəhbərliyi, vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə görüşləri planlaşdırılıb.


İyunun 2-də Milli Məclis Seçki Məcəlləsinə dəyişiklikləri qəbul edib.


Dəyişikliyə görə, prezidentliyə namizədlərin depozit qoyma şərti götürülür. Bundan sonra namizədlər yalnız imza toplayacaqlar. Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imza isə 40 minə endirilib. Bundan əlavə seçki təbliğatı 120 gündən 75 günə salınıb.


Məcəllədə müxalifətin tələb etdiyi seçki komissiyalarının paritet əsasda formalaşdırılması təklifi qəbul edilməyib.


Avropa Şurasının Venesiya Komissiyası bütün tərəfləri qane edəcək komissiyaların formalaşdırılmasını tövsiyə edib.


İyunun 7-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın görüşü gözlənilir.


XS
SM
MD
LG