Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

«Məcburi köçkünlərə verilən ərzaqlardan bəziləri yeməyə yararsızdı»


Hazırda məcburi köçkünlərə 5-6 adda ərzaq yardımı verilir
Hazırda məcburi köçkünlərə 5-6 adda ərzaq yardımı verilir

İyunun 30-da BMT-nin Ərzaq Proqramı Azərbaycan qaçqınlarına 15 il əvvəl başladığı ərzaq yardımını dayandıracaq. Həmin vaxtdan sonra Azərbaycan dövləti qaçqınlara ərzaq yardımını tamamilə öz üzərinə götürəcək. BMT-nin Ərzaq Proqramı fəaliyyətə başlayanda 450 minə yaxın qaçqını ərzaqla təmin edib. Sonradan Azərbaycan hökuməti qaçqınların ərzaq yardımının müəyyən hissəsini öz üzərinə götürüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov deyir ki, BMT-nin Ərzaq Proqramı hazırda 75 min qaçqına ərzaq yardımı verir. Qalan qaçqınlara yardımı isə Azərbaycan hökuməti edir. Hələ bir qədər əvvəl BMT Ərzaq Proqramının Azərbaycan nümayəndəliyinin rəhbəri Linn Müller dünyada gözlənilən ərzaq böhranının Azərbaycana da təsir edəcəyini bildirmişdi.


Əli Həsənov isə dünyanı gözləyən ərzaq qıtlığını Azərbaycan üçün də problem sayır. Amma o, hesab edir ki, ölkə prezidentinin sərəncamıyla qaçqınların ərzaq təminatını dövlət öz üzərinə götürdüyündən bahalaşma və ərzaq qıtlığı yaransa belə, bunun məcburi köçkünlərə verilən ərzağa təsiri olmayacaq.


BMT-nin Ərzaq Proqramı çərçivəsində indiyə qədər Azərbaycandakı məcburi köçkünlərə və əhalinin aztəminatlı təbəqəsinə 115 milyon dollar dəyərində müxtəlif çeşiddə 165 min ton ərzaq paylanıb.


Ancaq məcburi köçkünlərə ərzaq yardımı bəzi problemlərlə müşayiət olunmaqdadı. Misal üçün bəzi qaçqınlar yardımları iki aydan bir ala bilirlər.


İqtisad Tədqiqatlar Mərkəzinin köçkünlərin ərzaq təminatıyla bağlı həyata keçirdiyi layihə zamanı bu çatışmazlıqla yanaşı digər faktlar da üzə çıxıb. Mərkəzin eksperti Rauf Qasımov deyir ki, məcburi köçkünlərin əsas narazılıqlarından biri paylanan ərzaqlardan bəzilərinin yeməyə yararsızlığıdı. Yararsız ərzaq əsasən düyü və unda özünü göstərir: «Hətta elə vəziyyətdə olur ki, onu toyuq-cücəyə atmaqdan başqa çıxış yolu belə qalmır».


Füzuli rayonundakı qaçqın qəsəbəsində yaşayan Elşad Əliyev ərzağın keyfiyyətilə bağlı konkret söz deməyə çətinlik çəksə də, verilən yardımların azlığından şikayətlənir: «Amma yenə şükür, bunu verməsələr nə edərik?!»


Qaçqınlara verilən ərzaq və yanacağın bir hissəsinin oğurlanması hallarına gəlincə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyir ki, bu məsələ ilə bağlı onlarda hər hansı məlumat yoxdu. Onun sözlərinə görə, bəzən əksinə olur, qış aylarında verilən yanacağı, bəzi qaçqınlar özləri işlətməyib kimlərəsə satırlar: «Bu, qüsur deyil. Amma belə məlumatları əldə edəndən sonra fikirləşirik ki, gələn il yanacağın verilməsində bəzi dəyişikliklər edək».


İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rauf Qasımov isə deyir ki, onlarda olan məlumata görə, qış aylarında hər qaçqına bir ay üçün verilən 30 litr yanacaqdan hər dəfə beş litr kəsirlər. Ancaq komitə sədri bundan xəbərsiz olduqlarının deyir.


Hazırda həm BMT-nin Ərzaq Proqramı, həm də Azərbaycan hökuməti məcburi köçkünlərə 5-6 adda ərzaq yardımı edir. Bura adambaşına bir ayda 5 kq un, 1 litr bitki yağı, 1 kq düyü və elə eyni çəkidə noxud, düz və şəkər tozu daxildi.


2008-ci ildə qaçqın və məcburi köçkünlərin təkcə ərzaq təminatına dövlət büdcəsindən 11 milyon manata yaxın vəsait ayrılıb. Ümumilikdə isə qaçqın və məcburi köçkünlərin su, qaz, elektrik enerjisinin haqqının ödənilməsindən tutmuş kommunal xidmətlər, daxili telefon danışıqları və kanalizasiya xidmətləri haqqının ödənilməsinə bu il dövlət büdcədən 150 milyon manata yaxın vəsait ayrılıb.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG