«Ötən il Azərbaycanda ifadə və toplaşmaq azadlıqları geniş şəkildə məhdudlaşdırılmaqda davam edib. Müstəqil və müxalifət qəzetlərinin jurnalistləri böhtan ittihamlarıyla həbs edilib, hüquq-mühafizə orqanları əməkdaşlarının təzyiqlərinə, bəzi hallarda isə fiziki hücumlara məruz qalıblar».
Beynəlxalq hüquq-müdafiə təşkilatı «Amnesty İnternational»ın keçən il dünyada insan haqlarının vəziyyətiylə bağlı illik hesabatının Azərbaycana aid hissəsində belə deyilir.
Sənəddə bildirilir ki, geniş oxucusu olan iki müxalifət qəzeti - «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetləri bağlanıb, korrupsiya, vəzifədən sui-istifadə hallarından yazan jurnalistlərin ifadə azadlığı tez-tez pozulub.
«Amnesty İnternational» bəyan edir ki, siyasi cəhətdən həssas mövzuları əks etdirən müxalifət qəzetlərinin sayları ya müsadirə edilib, ya da satışı ümumiyyətlə qadağan olunub: «2005-ci ildə öldürülmüş Elmar Hüseynovun qətli və 2006-cı ildə jurnalistlərin naməlum şəxslərin hücumlarına məruz qalmalarıyla bağlı istintaqda isə heç bir yenilik olmayıb».
Hesabatda prezident İlham Əliyevin 2005-ci ilin parlament seçkisi vaxtı polis zorakılığına görə heç bir polisin cəzalandırılmayacağıyla bağlı dedikləri də yer alıb.
Bundan başqa, altı nəfər əcnəbi dini missionerin, İrandan olan azərbaycanlı mühacirin, bir nəfər Türkiyə vətəndaşının ekstradisiyası, yüz minlərlə məcburi köçkünün iqtisadi, sosial hüquqlarının həyata keçirilməsində maneələrlə üzləşdiyi də sənəddə əks olunub.
Hesabatda müstəqil və ya Qərbdən maliyyələşən QHT-lərin təqib olunmasına, onlara qarşı süni şəkildə zorakı etirazlar təşkil edilməsinə də diqqət çəkilir.
Hökumət rəsmiləri bildirirlər ki, bu tip hesabatlar reallığı əks etdirmir və əsasən müxalifət fəallarından alınmış informasiyalar əsasında hazırlanır.