Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:47

«İran radiosu Azərbaycan efirinə qanunsuz daxil olub»


Nuşirəvan Məhərrəmli deyib ki, bu faktın qarşısı alınacaq
Nuşirəvan Məhərrəmli deyib ki, bu faktın qarşısı alınacaq

«İran radiosu Azərbaycan efirinə qanunsuz daxil olub». Bunu «Azadlıq» radiosuna Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.


Son günlər Bakıda 89.3 FM tezliyində Tehran radiosunun verilişləri yayımlanır. Fars dilində olan dalğanı paytaxtın müxtəlif yerlərində, əsasən «Qurd Qapısı» ətrafında və digər yüksəkliklərdə dinləmək olar.


Nuşirəvan Məhərrəmli deyib ki, bu faktın qarşısı alınacaq: «Başqa ölkənin efirinə girmək doğru iş deyil. Təəssüf ki, belə problemlərdən sığortalanmaq mümkün deyil».


Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim isə bildirib ki, İran radiosunun Bakıda birbaşa yayımlanmasının hüquqi əsası yoxdur: «Birbaşa yayım üçün Azərbaycan tərəfinə müraciət olunmalıdır. Belə bir müraciət yoxdur».


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin sədr müavini Əflatun Şərifov deyir ki, Tehran hansı tezlikdə ötürücüdən istifadə etməkdə sərbəstdir, amma qonşu ölkələrin maraqlarını nəzərə almalıdır: «Əgər İranın radio dalğası Bakıya gəlib çatıbsa, görün, nə gücdə FM ötürücüsü qoyublar. Nə qədər çalışmışıq onlarla bu məsələləri sivil yolla həll edək, heç nə alınmır».


Bununla belə, Şərifov teleradio birliyində sözügedən FM dalğasında Tehran radiosunun yayımını qeydə almadıqlarını vurğulayıb:


«Dövlət radio tezliklər müəssisəsinə müraciət edəcəyik ki, həmin radionun yayım yerini bizə desinlər. Əgər Azərbaycana qarşı hansısa təxribat törədiləcəksə, biz öz tədbirimizi görəcəyik».


Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli isə deyir ki, texniki olaraq Bakı ilə Tehran arasında bu cür qanunsuz yayımların qarşısının alınması barədə anlaşma var. İndi İran bu razılaşmanı pozursa, deməli, məqsədli edir:


«Burada məqsəd görünür, öz dəyərlərini yaymaqdır. Bir vaxtlar Rabitə Nazirliyi ilə İranın müvafiq nazirliyi protokol imzalamışdı ki, bir-birinin efir məkanına daxil olmasınlar. Yəni məsələ həll oluna bilər və olunmalıdır».


Yerli müşahidəçilər İranın radio kanalının Azərbaycan məkanına asanlıqla daxil olmasının ölkənin milli təhlükəsizliyi üçün təhlükə yaratdığını bildirirlər.


İrana məxsus televiziya və radiolar əvvəllər də Azərbaycanın efir məkanını pozublar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG