Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Alternativ təhsil... Uşaqlar nə üçün repetitor yanına gedir?


«Kim zəmanət verə bilər ki, maaşlar artandan sonra sabah təhsil prosesi dəyişəcək»
«Kim zəmanət verə bilər ki, maaşlar artandan sonra sabah təhsil prosesi dəyişəcək»

11-ci sinif şagirdi Təranə Fətullayeva hazırlıq kurslarına gecikməmək üçün hər gün məktəbdən evə tələsir.


«Çətinlik olur. Yaxşı hazırlaşmaq üçün gərək axşam saat 3-4-də yatasan, səhər saat 8 də durub mütləq dərsə getməlisən. Günorta saat 1-də dərslər qurtarır. Bundan sonra bütün günün hazırlıqda keçir».


Təranə iki ildir, bu rejimlə yaşadığını deyir. Çünki onun fikrincə, hüquq fakültəsinə qəbul olunmaq üçün məktəbdə aldığı biliklər kifayət etməyəcək. Buna görə də valideynləri ona özəl müəllimlər tutublar.


Digər şagirdlər və onların valideynləri də deyirlər ki, məktəbdə verilən təhsillə universitetə qəbul olmaq mümkün deyil.


11-ci sinif şagirdinin anası Gülnarə Həsənova deyir ki, məktəbdə tədris çox zəifidir.


Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin təhsil siyasəti layihəsinin koordinatoru Nailə İsmayılovanın sözlərinə görə, Azərbaycan repetitorlara müraciət səviyyəsinə görə keçmiş sovet ölkələri arasında birinci yerdədir. Bu qənaətə mərkəz MDB ölkələrindəki tərəfdaşları ilə birgə apardıqları «Gizli bazarda gizli təhsil» adlı araşdırma nəticəsində gəlib.


«Rəyi soruşulan respondentlərin 87 faizi qeyd edirdilər ki onlar bu və ya digər formada fərdi müəllimlə məşğul olurlar»-deyə Nailə İsmayılova bildirir.


İqtisadi Araşdırmalar Mərkəzinin sədri Azər Mehdiyev hesab edir ki problemim səbəblərindən biri məktəblərdə təhsilin keyfiyyətinin aşağı olmasıdırsa, digəri də bəzi müəllimlərin şagirdləri fərdi məşğul olmağa məcbur etməsidir:


«Həmin müəllimlə məşğul olmaq istəməyənlərə qiymət yazılmaması təcrübəsinin də şahidi oluruq. Bunu yalnız bir qanunu pozmaqla yox bunu bir cinayət də hesab etmək olar».


Şagirdlərin özəl dərslərə məcbur edildiyini hətta müəllimlər də deyir. 9 saylı orta məktəbin ibtidai sinif müəllimi Tənzilə Salahova:


«Bəzi müəllimlər dərsdə elə vəziyyət yaradırlar ki uşaqlar məcbur olur ki, hazırlığa getsin».


Təhsil Nazirliyinin şöbə müdiri Arif Muradov bu cür halların qarşısını almaq məqsədi ilə tədbirlər görüldüyünü deyir. Amma:


«17 mindən çox müəllim var hər birinin başının üstə bir polis qoymaq olmaz. Təhsil Nazirliyinin buna heç imkanı da yoxdu».


Arif Muradov məktəblərdə təhsilin keyfiyyətinin aşağı olması ilə razılaşır:


«Müəllim keyfiyyətli dərs keçmir. Sonradan gedib uşaqlarla fərdi məşğul olur».


XXI Əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev deyir ki, bu cür halların baş verməsinin səbəbi müəllimlərin maaşının azlığındadır:


«Əgər repetitor əməyindən onların qazandığı vəsait aldıqları əmək haqqından təxminən bir 5-10 dəfə çoxdursa, onlar heç məktəbə üz tutmayacaqlar. Yəni 2-ci repetitor işi ona daha çox gəlir gətirirsə, o əlbəttə ki, ona daha çox üstünlük verməli olacaqdır».


Zəminə Həmzəyeva da Bakı məktəblərindən birində iş saatlarını başa vurandan sonra evdə özəl riyaziyyat dərsləri deyir:


«Tezdən məktəbə gedirəm saat 12-dən sonra evə gəlib, bir az dincələndən sonra hazırlıqlara başlayıram. Düz axşama qədər... Təbii ki yoruluram da, ağrıyıram da... Amma bunu maddi durumuma kömək məqsədi ilə edirəm».


İngilis dili müəlliməsi Esmira İsmayılovanın məktəbdən aldığı məvacib 60 manatdır


«Repetitorluqdan aldığım pul da kifayət eləmir. Çünki bazar qiymətləri gündən-günə artır».


Təhsil Nazirliyinin əməkdaşı müəllimlərin maaşlarının artırılması üçün tədbirlər görüldüyünü deyir.


İqtisadi Araşdırmalar Mərkəzinin sədri Azər Mehdiyevsə deyir ki, müəllimlərin maaşının azlığı hökumətin səriştəsizliyinin nəticəsidir, bunun əziyyətini isə vətəndaşlar çəkməli olur.


Onun sözlərinə görə, bir abituriyentin hazırlığına ailə ildə azı 1500-2000 manat əlavə pul ödəməli olur. O, orta aylıq gəliri ən yaxşı halda 500 manat olan ailə üçün bu xərclərin çox böyük yük olduğunu deyir. Valideynlər və tələbələr isə deyir ki, nə qədər ki, məktəblərdə təhsilin səviyyəsi düzəlməyib, xərclərə qatlanmalı olacaqlar.


Valideyn Güllü Türksoy:


«Hətta uşağını 1-ci sinfə göndərən valideyn də onu hazırlığa qoyur. Bu artıq bir xəstəlikdir».


Valideyn Təhminaz Bayramova:


«İki il hazırlığa qoymuşam. Fizika, riyaziyyat, kimya fənnlərindən. Üçünə 100 dollar verirdim».


Təranə Fətullayeva:


«İki fəndən 30 manat verirəm, qalanından 50 manat. Ailədə təbii ki çətinlik olur».


Müəllimlərin minimum əmək haqqı 60 manatdır. Bu, polisin minimum əmək haqqından iki dəfə, Prezident Aparatında işləyən kuryerin maaşından isə üç dəfə azdır. Lakin iqtisadçı Azər Mehdiyev maaşların qalxması ilə təhsil problemlərinin çözülməyəcəyi qənaətindədir.


«Kim zəmanət verə bilər ki bir gün biz orta məktəblərdə əmək haqqını 2 dəfə artırsaq sabah təhsil prosesi dəyişəcək. Söhbət yalnız əmək haqqının artırılmasından getmir söhbət o sistemdə köklü islahatlardan gedir ki vətəndaşlar istədikləri təhsili ala bilsin».


XS
SM
MD
LG