Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:33

Çörəyi kətməndən çıxan müəllimlər...


Hazırda orta təhsil müəssisələrində çalışan müəllimlərin sayı 170 minə yaxındır
Hazırda orta təhsil müəssisələrində çalışan müəllimlərin sayı 170 minə yaxındır

Maaşından narazı müəllimlərin dolanışığı ya bostan becərməkdən, ya da mal-qara saxlamaqdan çıxır. Abşeron rayonundakı orta məktəblərindən birində çalışan və 30 ildən çox müəllimlik təcrübəsi olan Gülmira Muradova aldığı 120 manat əməkhaqqını bilmir işıq puluna versin, yoxsa gündəlik ərzağa. Deyir ki, təkcə müəllimliklə kifayətlənsə, gərək ayın sonuna borc içində batsın: «Maaşı bu aydan o aya çatdırmaq olmur. Unun qiyməti qalxıb, ərzaqlar bahalaşıb. Həyətyanı sahəmiz var, təsərrüfatla məşğul oluram, inək saxlayıram, bununla güzəranımızı yaxşılaşdırıram. Yoxsa müəllimliyə qalsa, elə də qane etmir».


Gülmira Muradovanın fikrincə, indiyədək olan maaş artımlarının da bir faydası olmayıb: «Düzdür, arada maaşları artırırlar. Amma 12 saatlıq dərsə nə artım? 5-3 manat arta-arta gedir. Bununla nə etmək olar? 30 manata bir kisə un alırıq. 100 manatın 30 manatını una, qalanını da kommunal xərclərə verirəm. Bununla necə yaşayasan?!»


Gülmira Muradova orta məktəbdə əmək təlimi və rəsmxətt fənlərini tədris edir. Müəllimə deyir ki, başqa fənlərdən fərqli olaraq onun sənəti repetitor kimi çalışmağa da imkan vermir. Üstəlik, məktəblərdə texniki fənlərin dərs saatı da azalmaqdadır.


Azərbaycanda 2008-ci ilin dövlət büdcəsindən təhsilə 1 milyard 125 milyon manat ayrılıb. Təhsil Nazirliyinin məlumatına görə, orta məktəb müəllimlərinin orta aylıq maaşı 125 manatdır. Əməkhaqlarının verilməsində əsas meyar həm iş stajı, həm də dərs saatıdır. Müasir Təhsilə Yardım Mərkəzinin icraçı direktoru Ülviyyə Mikayılova da problemi elə bu bölgüdə görür. Deyir ki, maaşı işin keyfiyyətinə görə verərlər. Keyfiyyət kriteriyaları müəyyənləşməyincə, müəllimlərə yaxşı işə görə yüksək pul verilməyincə, əməkhaqqı problemi çözülməyəcək: «Bizim müəllimlərin öz üzərlərində işləməyə stimulları yoxdur. Müəllimin heç bir marağı yoxdur keyfiyyətli işləməyə. Çünki bu, onun maaşında özünü büruzə vermir».


1992-ci ildə qəbul olunmuş və hələ də qüvvədə olan «Təhsil haqqında» qanuna görə, müəllimlərin əməkhaqqı orta əmək haqqı səviyyəsindən yüksək olmalıdır. Ölkədə orta aylıq əmək haqqı isə 237 manatdır. Bu, müəllimlərin orta aylıq əməkhaqqından təxminən iki dəfə çoxdur. Minimum istehlak səbəti isə qeyr-rəsmi hesablamalara əsasən, təxminən 120 manatdır. İnflyasiyanın səviyyəsinə uyğun olaraq bu rəqəm də dəyişir. İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşı Pərviz Heydərov deyir ki, təkcə müəllimlərin deyil, büdcə təşkilatlarında çalışanların əksəriyyətinin əməkhaqqı orta aylıq göstəricidən aşağıdır. O düşünür ki, müəllimlərin qol çəkib aldığı maaşla dolanmaq çətindir: «Əhalinin sosial müdafiəsi normal təmin edilən ölkələrdə minimum istehlak səbətinin dəyəri adətən yaşayış minimumunun arxasınca gedir. Amma bizdə əksinədir. Əgər söhbət minimum istehlak səbətinin dəyərinin yaşayış minimumundan yüksəkdə durmasından gedirsə, həmin məbləğlə dolanmaq çox çətindir».


Bakıda 10 şagirdə bir müəllim düşür. İqtisadçı Pərviz Heydərovun fikrincə, attestasiya keçirilməli, ixtisarlar aparılmalıdır ki, qalan müəllimlərə yüksək məvacib verilməsi mümkün olsun. O, bu yolla müəllimlərin sosial vəziyyətinin yaxşılaşacağını düşünür.


Sosial vəziyyətinə görə, Türkiyənin orta məktəb müəllimləri Azərbaycandan xeyli fərqlənir. Bu fərq daha çox özünü maaşda göstərir. Türkiyənin dövlət hesablı orta məktəblərində müəllimlər təxminən 800-900 dollar maaş alırlar. İstanbul kimi iri şəhərdə bu, o qədər də pis məbləğ sayılmır. Ona görə ki, burada müəllimlər üçün məktəbdən əlavə, evlərdə də dərs keçməsinə şərait yaradılıb. Anadolu ərazisində isə 800 dollar maaş lap göydəndüşmədir. «Azadlıq» radiosunun Türkiyədəki müxbiri Mais Əlizadə: «İldə iki dəfə maaşın ikiqatını ala bilirlər. Xüsusi xəstəxanalarda müalicə olunur, mükafatlandırılırlar. Müəllimlərə dövlət məktəblərində imkan yaradılır ki, əlavə işlərlə məşğlu ola bilsinlər. Məsələn, səhərlər 3-4 saat dövlət məktəblərində işləyə bilir, günortadan sonra özəl məktəblərdə dərs deyir, evdə isə tələbə hazırlaşdırırlar. Buna görə dövlət heç bir vergi istəmir. Dövlət təhsil müəssisələrinin bir çoxunda müəllimlər xidməti maşınlardan istifadə edirlər».


Hazırda Azərbaycanda ölkə üzrə orta təhsil müəssisələrində çalışan müəllimlərin sayı 170 minə yaxındır. Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsindən verilən məlumata görə, tezliklə onların maaşının artacağı gözlənir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG