AXCP sədri Əli Kərimlinin iddiası üzrə məhkəmə qərarı mayın 26-da çıxarılacaq. Mayın 23-də keçirilən prosesdə prokuror AXCP sədrinin iddiasının təmin edilməməsini istəyib. Bu haqda «Azadlıq» radiosuna Ə.Kərimli məlumat verib.
AXCP sadri 1994-cü ildə haqqında açılmış və hələ də xitam verilməmiş cinayət işinin ləğvini istəyir. İşə Nəsimi Rayon Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılır.
Mayın 22-də başlayan prosesdə prokuror çıxışa hazırlaşmaq üçün məhkəmədən bir gün vaxt istəmişdi.
2006-cı ildən Əli Kərimli yeni pasport ala bilmir. Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsi deyir ki, AXCP sədri haqqında 1994-cü ildə qanunsuz silah-sursat saxlama maddəsilə açılan cinayət işinə xitam verilmədiyindən ona pasport verilə bilməz.
Vəkil Elçin Qəmbərovun sözlərinə görə, qanunvericiliyə əsasən, beş il müddətinə xitam verilməli olan bu cinayət işi 12 ildir açıq qalıb.
Bu il fevralın 15-də Ali Məhkəmə AXCP sədrinin pasport iddiası üzrə şikayətini qismən təmin edib. Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib və işin mülki qaydada baxılmasına xitam verilib. Qərara alınıb ki, Əli Kərimli barəsində cinayət işinə xitam verilməsi ilə bağlı rayon məhkəməsinə müraciət olunsun.
AXCP sədri haqda cinayət işini Nəsimi Rayon Prokurorluğu qaldırıb.