Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:16

«Azadlıq»a qarşı yeni iddia: «Qəzet indiki kollektivdən alınsın»


«Azadlıq» qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin orqanı kimi yaradılıb
«Azadlıq» qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin orqanı kimi yaradılıb

Özünü Azadlıq Hərəkatçıları Birliyi adlandıran qurum «Azadlıq» qəzetinə qarşı iddia qaldırıb. İddiada sözügedən nəşrin AXC-nin təsisçiliyindən çıxarılaraq kollektivin təsisçiliyinə verilməsinin qeyri-qanuni hesab olunması, «Azadlıq» qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına xitam verilməsi tələb edilir. Azadlıq Hərəkatçıları Birliyinin iddiası artıq Yasamal Rayon Məhkəməsində icraata götürülüb. Birliyin rəhbəri Təhmasib Novruzovun imzasıyla verilmiş iddia üzrə hazırlıq iclası iyunun 5-nə təyin edilib. İddiada «Azadlıq»ın yaranma və fəaliyyət tarixi xatırladılır və qeyd olunur ki, qəzetə rəhbərlik edənlər onu öz müqəddəs yolundan yayındırmaq istəyiblər: «1995-ci ildə AXC bazasında AXCP yarandıqdan sonra heç bir səbəb olmadan AXC-nin mülkiyyəti olan «Azadlıq» qəzeti AXCP-nin orqanı kimi deyil, qəzetin kollektivinin orqanı kimi fəaliyyət göstərib».


İddia ərizəsində deyilir ki, «heç kim haqq verə bilməz ki, azadlıq hərəkatı fəallarının yaratdığı «Azadlıq» qəzeti Qənimət Zahid, Mirzə Sakit, Aqil Xəlil kimi şər-böhtan bahadırlarının, Ruslan Bəşirli, Eynulla Fətullayev kimi düşmənlə separatçılıq edənlərin tribunasına çevirilsin».


İddiada tələb olunur ki, «Azadlıq» qəzetinin indiki rəhbərinin AXC qurucuları və həmin qəzetin təsisçilərinə vurduğu mənəvi zərərə görə, mətbuat vasitəsilə üzv istənilsin. AXC qurucularına, cəmiyyətə vurulan mənəvi zərərə görə isə 150 min manat məbləğində kompensasiya ödənilsin.


«Azadlıq» qəzetinin direktoru A.Əhmədov iddianı siyasi hakimiyyətdən gələn sifariş hesab edir.


«Azadlıq» qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin orqanı kimi yaradılıb. 1993-cü ildə redaksiya kollektivi də təsisçi olub. Xalq Cəbhəsi partiyaya çevriləndən bir neçə il sonra qurum qəzetin təsisçiliyindən imtina edib. Bundan sonra qəzetə redaksiya kollektivi təsisçilik edib.


«Azadlıq» qəzeti mövcud siyasi hakimiyyətə qarşı radikal məqalələrlə çıxış edir. Nəşrin iki əməkdaşı hazırda həbsdədir, bir müxbirinin həyatına isə iki dəfə sui-qəsd edilib.


Azadlıq Hərəkatçıları Birliyi 2006-cı ilin yanvarında təsis edilib. Birliyin rəhbəri Təhmasib Novruzov 1989-cu ildən 1992-ci ilə kimi AXC Ali Məclisinin üzvü olub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG