Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:12

Mirzə Sakitlə bağlı aksiya keçirilib


«Mirzə Sakitə sahib çıxın!»
«Mirzə Sakitə sahib çıxın!»

Mayın 22-də «Dalğa» Gənclər Hərəkatı həbsdəki jurnalist Mirzə Sakitlə bağlı Ombudsman Aparatının qarşısında aksiya keçirib. Bu haqda «Azadlıq» radiosuna sözügedən hərəkatın fəalı Ramin Hacılı məlumat verib. Onun sözlərinə görə, aksiyada məqsəd M.Sakitin səhhəti ilə bağlı məsələyə ictimaiyyətin diqqətini cəlb etmək olub. «Dalğa»çılar Ombudsman Aparatının qarşısında etirazlarını xüsusi səhnəciklə ifadə ediblər. «Mirzə Sakit» kəfənə bükülüb və onun üzərinə belə bir lövhə asılıb: «Mirzə Sakitə sahib çıxın!».


R.Hacılı deyib ki, onlar aparatın qəbul otağına daxil olmağa nail olublar. Aksiyaçıları Ombudsman Aparatının şöbə müdiri qarşılayıb. «Dalğa»çılar aksiyanın press-relizini ona təqdim ediblər: «Şöbə müdiri M.Sakitin səhhəti ilə bağlı məsələni diqqətdə saxlayacaqlarını və bizi məlumatlandıracaqlarını dedi».


Ramin Hacılı deyir ki, onlar Mirzə Sakitlə bağlı aksiyaları bundan sonra da davam etdirəcəklər: «Oxşar aksiyalar Ədliyyə Nazirliyinin, Mirzə Sakitin saxlandığı həbsxananın qarşısında da keçiriləcək».


«Dalğa» fəalının sözlərinə görə, Ombudsman Aparatının qarşısında bir polis nəfəri olub: «O, bizə mane olmadı, sadəcə izlədi».


«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit 2006-cı ilin iyununda üç il müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz narkotik saxlamaqda ittiham olunub. Jurnalist özü isə həbsini siyasi sifariş hesab edir və bunu yazdığı radikal məqalələrlə əlaqələndirir.









XS
SM
MD
LG