Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:41

«Azərbaycanın seçkilərin keçirilməsində pis təcrübəsi var»


Həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova Bakıya gəlib
Həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova Bakıya gəlib

Mayın 18-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Bakıya gəlib. Hava limanında ANS-in sualını cavablandıran Herkel deyib ki, səfərin əsas məqsədi Azərbaycanda həbsdə olan jurnalistlərlə görüşməkdir. Onun sözlərinə görə, bu məsələ qurumu çox narahat edir.


Andres Herkel həmçinin Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişiklər layihəsinə də münasibətini açıqlayıb. O, bildirib ki, Azərbaycan palamentinin AŞ PA-ya təqdim etdiyi «Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında» qanun layihəsi ilə çox ciddi tanış olacaqlar: «Məcəlləyə bir sıra dəyişikliklər edilsə də, mənə elə gəlir ki, sənəddə seçki komissiyalarının tərkibi ilə bağlı problemlər hələ də qalmaqdadır. Hesab edirəm ki, problem təkcə Seçki Məcəlləsinin dəyişdirilib-dəyişdirilməməsində deyil. İlk problem - Azərbaycanın seçkilərin keçirilməsində pis təcrübəsidir. Eyni zamanda biz Azərbaycanın Seçki Məcəlləsində daha çox bərabərliyin yaradılmasını arzulayırıq».


Mayın 18-də həmməruzəçilər bir sıra yerli hüquq müdafiəçiləri və QHT rəhbərlərilə görüşüb. Qeydiyyatı ötən həftə ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli «Azadlıq» radiosuna deyib ki, görüşdə əsasən seçkiqabağı vəziyyət, Seçki Məcəlləsinə təklif edilən son əlavə və dəyişikliklər, «Sərbəst toplaşma haqqında» qanun layihəsi müzakirə olunub: «Biz «Azadlıq» qəzetinin müxbiri Aqil Xəllilə bağlı son hadisələri, jurnalistlərin həbsdə olmasını, eyni zamanda reklam bazarındakı vəziyyəti, ölkədə azad televiziyanın olmamasını və s. onların diqqətinə çatdırdıq. Herkeli daha çox narahat edən Seçki Məcəlləsinə təklif edilən son əlavə və dəyişikliklərdir. O, dedi ki, Venesiya Komissiyasının bu cür təklifləri bəyənməsi barədə deyilənlərin heç bir əsası yoxdur».



Mayın 21-dək davam edəcək səfər çərçivəsində həmməruzəçilərin ölkə rəsmiləri daxil olmaqla bir sıra görüşləri gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG