Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

«Ev yiyələri müxalifət adını eşidəndə razılaşmanı pozurlar»


Qərargahları əllərindən alınmış Gəncə müsavatçıları parkda yığışırlar
Qərargahları əllərindən alınmış Gəncə müsavatçıları parkda yığışırlar

İndi Gəncə müsavatçılarını arayıb-axtaran şəhərin Xan bağına üz tutmalıdır. Bir neçə aydır ki, qərargahsız qalan Müsavat partiyasının Gəncə təşkilatının üzvləri görüşmək, ictimai-siyasi prosesləri müzakirə etmək üçün şəhərin mərkəzindəki parka toplaşırlar.


Təşkilatın rəhbəri Oqtay Zeynalov deyir ki, burda onlara dəyib-toxunan olmasa da, parkda polisin sayı çoxalıb. Sədr danışır ki, təşkilatın yerləşməsi üçün ofis tapmaq onlardan ötrü müşkülə çevrilib, çünki evini icarəyə vermək istəyən şəxs biləndə ki, burda Müsavat partiyasının Gəncə təşkilatı yerləşəcək, müqaviləni imzalamaqdan imtina edir. Oqtay Zeynalov deyir ki, son bir ildə yerləşdikləri Abbas Abbaszadə küçəsi-54 ünvanından da çıxarılma səbəbi ABŞ-ın Milli Demokratiya İnstitutunun onların qərargahında tədbir keçirməsi olub.


«Yiyəsindən tələb elədilər ki, çıxarın. Hadisədən 8 gün sonra bizi ofisdən çıxardılar».


Qarşıdan prezident seçkisi gəldiyindən partiya fəalları müzakirələrə zərurət yarandığını deyirlər. Buna görə də havalar imkan verəndə bağa toplaşırlar. Amma park heç də siyasi fəaliyyət üçün yararlı yer olmadığından demək olar ki, tamamilə fəaliyyətsiz qalıblar.


«Siyasi partiyalar haqqında» qanuna görə, ofisimiz olmalıdır. Hansı siyasi partiya parkda yığıncaq keçirər? Çox çətindir, bəzən də hava imkan vermir, yağışlı olur. Bunlar hamısı problemdir».


Yeni Azərbaycan Partiyasının Gəncə təşkilatının qərargah sarıdan problemi yoxdu
Oqtay Zeynalov deyir ki, onlar qərargahla təmin olunmaları üçün yerli rəhbərliyə müraciət ediblər. Ancaq Gəncədə təkcə müsavatçılar yox, Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli təşkilatı da qərargahsız qalıb. Təşkilatın sədri Ramiz Əliyev deyir ki, evini icarəyə vermək istəyənlər müxalifət adını eşidəndə razılaşmanı pozurlar. Ona görə də indiyədək ofissiz qalıblar. Bir müddət əvvəl bir müxalifət təşkilatına mülkünü icarəyə verən, adının çəkilməsini istəməyən ev sahibi bizimlə söhbətdə bildirdi ki, kirayənişinlərindən narazılığı olmasa da, yerli hüquq-mühafizə orqanları onu tez-tez incidib təzyiq göstərirmişlər. O da axırda məcbur olub razılaşmanı pozub, amma indiyədək də mülkinə onu qane edən kirayənişin tapmayıb.


Yeni Azərbaycan Partiyasının Gəncə təşkilatının isə qərargah sarıdan heç bir problemi yoxdu. Şəhərin mərkəzində yerləşən 2 mərtəbəli qərargahda min nəfərə yaxın adam tutan konfrans zalı, iri otaqlar var. İşləmək üçün hər cür şəraitlə təmin olunduqlarını deyən təşkilatın sədri İsrafil İsmayılov hər addımda qarşılarında yaşıl işıq yandırılmasını hakim partiya təmsilçiliyinə bağlamır, onun fikrincə, sadəcə, bütün siyasi qüvvələr kimi onlar da öz hüquqlarından istifadə edirlər: «Kim siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə, onlara imkan yaradılır…»


YAP-ın Gəncə şəhər təşkilatına keçmiş Siyasi Maarif evi icarəyə verilib.


Yerli müxalifət təşkilatının rəhbərləri deyirlər ki, dəfələrlə Dövlət Əmlakının İdarəedilməsi üzrə Komitənin yerli şöbəsinə müraciət etsələr də, bütün cəhdləri nəticəsiz qalıb. Amma şöbənin rəhbəri Ehtiram Səmədov deyir ki, onlar belə müraciət almayıblar, əgər müraciət olunarsa, imkanları daxilində yerli müxalifət təşkilatlarına da yer ayrılması məsələsinə baxa bilərlər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG