Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:33

«Dəyişikliklər texniki xarakterlidi, mahiyyət olduğu kimi qalıb»


S.Məmmədov deyir ki, qanunda yenə bir sıra məhdudiyyətlər qalmaqdadı
S.Məmmədov deyir ki, qanunda yenə bir sıra məhdudiyyətlər qalmaqdadı

«Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna təklif edilən dəyişikliklər aksiya keçirmək istəyənləri dövlət binalarına daha 100 metr yaxınlaşdırır. Belə ki, əgər əvvəllər parlament, Prezident Aparatı və başqa dövlət orqanlarının binasından 300 metr aralıda aksiya keçirməyə icazə verilirdisə, indi bu məsəfə 100 metr qısaldılıb. Parlament komissiyalarında keçirilən müzakirələrdə iştirak edən Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc hesab edir ki, son dəyişikliklərdən sonra qanun beynəlxalq standartlara tam cavab verir. O, bildirir ki, son dəyişikliyə görə, Azərbaycandakı əcnəbilər də aksiya keçirmək hüququ qazanırlar. Zahid Oruc deyir ki, əvvəllər ümumi şəkildə aksiyaların icra və qanunverici hakimiyyət orqanlarının 300 metrliyində keçirilə biləcəyi göstərilirdisə, indi qanunda həmin icra hakimiyyəti orqanlarının konkret siyahısı var: «Dəyişiklikdə həm də aksiyanın şəhərin mərkəzində və ya kənarda olmasını məhdudlaşdıran hər hansı müddəa yoxdur».



«Əgər «Gülüstan» sarayında bir tədbir varsa, Lökbatanda kiminsə piket keçirməsinə niyə qadağa qoyulmalıdı? Bu, başa düşülən deyil»

Hakimiyyətyönlü Ana Vətən Partiyasının qanunda tərəqqi hesab etdiyi bu məsələyə müxalif deputatların və QHT nümayəndələrinin əks arqumentləri var. Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, məsafələr 200 metrə qədər azaldılsa da, reallıqda adı çəkilən dövlət binalarının qarşısında bu qədər məsafə yoxdu.


Məmmədov deyir ki, qanunda yenə bir sıra məhdudiyyətlər qalmaqdadı: «Məsələn, istirahət hüququ sosial hüquq olmasına baxmayaraq, sərbəst toplaşmaq azadlığı ilə eyni səviyyəyə qoyulur, bəzənsə daha yüksək olur. Yəni adamların istirahət hüququnun pozulması halları əsas gətirilərək vətəndaşların sərbəst toplaşmasına məhdudiyyət qoyulur».


Sahib Məmmədov deyir ki, müzakirələrdə bir sıra dəyişikliklərə, o cümlədən ölkədə beynəlxalq tədbirlər keçiriləndə sərbəst toplaşmaya qadağa qoyulması ilə bağlı bəndə etiraz edilib: «Əgər «Gülüstan» sarayında bir tədbir varsa, Lökbatanda kiminsə piket keçirməsinə niyə qadağa qoyulmalıdı? Bu, başa düşülən deyil».


Müsavat başqanının müavini, millət vəkili Arzu Səmədbəyli deyir ki, yeni düzəlişdə sərbəst toplaşmaq azadlığını asanlaşdıran hər hansı maddəyə rast gəlməyib. Onun sözlərinə görə, müsbət dəyişikliklərin hamısı texniki xarakterlidi: «Müsbət tendensiyalar var, amma yenə də vətəndaşların harda sərbəst toplaşmasını onların özləri yox, hakimiyyət müəyyən edir».


Arzu Səmədbəyli deyir ki, əgər əvvəllər aksiyanın keçirilməsinə icazə verilib-verilməməsilə bağlı mitinqə iki gün qalmış cavab verilirdisə, yeni dəyişiklikdə bu müddət üç gün müəyyən edilib: «Dəyişikliklər texniki xarakterlidi, mahiyyət olduğu kimi qalıb, hələ bir qədər də mürtəceləşib».


XS
SM
MD
LG