Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 06:04

Barlardakı əcnəbi qızlar deportasiya edilib


Azərbaycanda insan alverini stimullaşdıran bir sıra səbəblər var
Azərbaycanda insan alverini stimullaşdıran bir sıra səbəblər var

Bakının düz mərkəzindəki «Nizami» kinoteatrının yanında, zirzəmidə yerləşən «Coral» barının adı gecə həyatına bir qədər bələd olan və eyş-işrət məclislərinə meyilli kişilərə çox tanışdır. Bu gecə barına əylənməklə yanaşı həm də yüngül həyat tərzi keçirən qızların xidmətlərindən istifadə etməyə gəlirlər. Ancaq nabələd adamı həmin barın girişində gördükləri bir anlıq çaşdıra bilər. Zirzəmidəki bara düşən pilləkənin önündə polis çavuşu durub. Əslində onu görəndə gərək narahat olmayasan. Çünki o, barın qonaqlarını isti baxışlarla aşağı ötürür. Barın girişində isə bir neçə xanım oturub. Onlar isə giriş haqqı toplayırlar. Giriş haqqı adama 2 manatdır, bu pulu ödəyib səs-küylü, siqaret tüstüsündən qatı duman yaranmış yeni bir auraya düşürsən.


Barda qızlarla tanışlıq üçün elə də fərasət tələb olunmur. Yer tapıb əyləşən kimi kişi qonaqları müştəri bilən qızlar özləri gəlib tanış olurlar. Musiqi səsindən isə ağız deyəni qulaq eşitmir. Barda tanışlığın lap başlanğıcından nəsə sifariş vermək sizə çox baha başa gələ bilər. «Coral»da iki kokteyl və bir pivə üçün 50 manat pul ödəməli oldum. Pul sizin üçün problem deyilsə, bu xəbərdarlığı qulaq ardına da vura bilərsiniz. Adının Bahar, yaşının 27 olduğunu deyən qadın deyirdi ki, 60 manatım olsa, bir saat ərzində mənə gecənin ən xoş anlarını yaşada bilər. Ancaq onun bir sıra şərtləri də var idi. Onunla yalnız şəhərdə «Neftçilər» xəstəxanası ilə üzbəüz olan saunaya getməli idik. Taksi isə mütləq barın özünə məxsus olmalıydı. 20 manat taksiyə, 30 manat da saunaya verəcəkdik. Baharın deməsinə görə, əslində bu, onun yox, «Coral»ın şərtləridir.


Tanış olduğumuz digər xanım Əsmər isə deyir ki, Dağıstandan - Mahaçkaladan gəlib. Ancaq deyəsən, onun özü üçün də indi haradan gəlməsi elə bir önəm daşımırdı. «Nə dəxli var, istəyirsən səninlə gedim, vəssalam». O, ilkin tanışlıqdan sonra elə belə də dedi.


Adının Bahar, yaşının 27 olduğunu deyən qadın deyirdi ki, 60 manatım olsa, bir saat ərzində mənə gecənin ən xoş anlarını yaşada bilər. Ancaq onun bir sıra şərtləri də var idi
Əsmərin deməsinə görə, bu bar əsasən fəaliyyətə gecə saat 10-dan sonra başlayır. Saat 12-dən sonra isə burda necə deyərlər, iynə atsan yerə düşmür. Səhər saat 5-ə qədər bar işləyir. Əsmər deyir ki, yaxın aylara qədər Ukraynadan, Qırğızıstandan və Orta Asiya respublikalarından bura bir çox qızlar gəlib müştərilərin qulluğunda dayanıblar. Sonra əcnəbi qızların çoxu Azərbaycandan deportasiya edilib. İndi «Coral»da əsasən yerli qızların xidmətləri təklif edilir. Onun şərtləri isə Baharın şərtlərindən xeyli yüngül idi. Əsmərin sözlərinə görə, yaxınlıqda hüquq-mühafizə orqanlarından birinin inzibati binasının həyətindəki saunaya da piyada getməyə hazırdır.


«Coral»a gələn müştərilərin də tərkibi müxtəlif idi. Qonaqlar əsasən ingilis dilli əcnəbilər idi. Ancaq yerli müştərilər də gözə dəyirdi. Gecə saat 12-yə yaxın isə içəriyə 5-10 yerli adam daxil oldu. Paltarlarının tozlu olmasından onların tikintidə çalışdığını ilk andan görmək mümkün idi. Danışıqlarından belə başa düşmək olurdu ki, ayrı-ayrı əyalətlərdən gələn bu insanlar yenicə maaşlarını alıblar. Bardakı qızların çoxu isə daha çox əcnəbilərlə ilgilənir, onların qarşısında müxtəlif göbək rəqsləri ifa edirdilər. Biz bankomatdan pul çıxarmaq adı ilə Bahar və Əsmərdən ayrılıb barı tərk etdik.


Əslində, «Coral» Bakıdakı gecə barlarından yalnız biridir. Bakının gecə həyatına tanış bir həmsöhbətim isə deyir ki, şəhərin təkcə mərkəzi hissəsində yüzlərlə belə bar var. Onun deməsinə görə, Nizami küçəsindəki bir barda isə qiymətlər daha yüksəkdir. Həmin bara isə əsasən əcnəbilər gəlir. O, barlarda polis geyimli şəxslərin də olmasını təsadüf saymır. Həmsöhbətimin deməsinə görə, əgər biz iki kokteyl və bir pivəyə görə, 50 manat vermək istəməsəydik, həmin mühafizəçinin xidmətlərindən istifadə ediləcəkdi. O, başqa gecə barlarından da danışır. Həmsöhbətimin deməsinə görə, bəzi gecə restoranlarında hətta uşaqbazlığa da yol verilir.


«Femida - 007» qəzetinin baş redaktoru Əyyub Kərimov da deyir ki, əgər belə gecə barları yuxarılardan himayə edilməsə, onlar açıq fəaliyyət göstərə bilməzlər. Kərimovun sözlərinə görə, Azərbaycanda həm fahişəliyi, həm də bütünlükdə insan alverini stimullaşdıran bir sıra səbəblər var. Bu səbəblərdən biri ona yuxarılardan yaşıl işıq yandırmaqdırsa, başqa bir səbəb də işsizlikdir. Əyyub Kərimovun sözlərinə görə, nəticədə bu səbəblər toplusundan işbazlar məharətlə istifadə edirlər: «Sovetlər dönəmində fabriklər, kombinatlar var idi. Orada yüz minlərlə qız-gəlin çalışırdı. Əgər bu qızlar elə fabriklərdə çalışıb 500-600 manat qazansalar, heç bu hallara düşərlərmi?»


Hüquq-mühafizə orqanları isə insan alverinin yuxarıdan himayə edildiyi haqda iddiaları təkzib edirlər. Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev deyir ki, insan alverçiləri öz qurbanlarını təzyiqdə saxlamaq üçün belə iddiaları uydururlar: «Nə prokurorluq, nə də daxili işlər orqanları insan alverçilərini himayə etmirlər. Bizim vəzifəmiz cinayətkarlığa qarşı mübarizə aparmaqdır və aparırıq da».


XS
SM
MD
LG