«Əgər Xraxoba və Üryanoba kəndlərinin sakinləri Azərbaycana vətəndaşlıq üçün müraciət etsələr, Bakı buna baxmağa hazırdır».
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim mayın 15-də ənənəvi mətbuat konfransında bəyan edib.
Hər iki kənd Azərbaycana məxsusdur. Sovet illərində Azərbaycan bu ərazisini iki dəfə 20 illiyə Dağıstana icarəyə verib. 2004-cü ildə icarə müddəti bitib.
Bakı deyir ki, ərazidə Rusiya vətəndaşlarının məskunlaşması qanunsuzdur və həmin sakinlər Azərbaycanda müvəqqəti qeydiyyata düşməlidirlər.
Xəzər İbrahim deyib ki, bu məsələ Bakı ilə Moskva arasında müzakirə olunmur.
«Bu beynəlxalq hüquqi məsələ yox, Azərbaycanın daxili inzibati məsələsidir. Kəndlərdə məskunlaşma qeyri-qanunidir və onun qarşısını alacağıq»- , deyə X.İbrahim bildirib.
Bir neçə gün əvvəl «Azadlıq» radiosunun müxbiri həmin ərazidə olub.
Üryanoba kəndinin sakinləri artıq Xaçmaz rayonunda müvəqqəti qeydiyyata düşdüklərini bildiriblər. Xraxova kəndindən isə 11 sakin bu prosedura əməl edib.
Kənd sakinləri onu da deyiblər ki, prezident seçkisinə qədər iki ölkə rəhbərliyi arasında məsələnin həll olunacağına ümid edirlər.