Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

«Bu rejim ona verilmiş etimad limitini bitirib»


«Açığını deyim ki, hakimiyyət tərəfindən hər hansı müsbət dəyişiklər gözləmirik»
«Açığını deyim ki, hakimiyyət tərəfindən hər hansı müsbət dəyişiklər gözləmirik»

«Bizim vətəndaşlar bu gün özlərini öz vətənlərində inkvizisiya stoluna bərkidilmiş kimi hiss edirlər», - bunu «Azadlıq» qəzetinə müsahibəsində «Azadlıq» blokunun liderlərindən biri, professor Lalə Şövkət deyib.


Prezident seçkilərinə toxunan siyasətçi deyib: «Hazırkı məqamda biz istəmirik ki, xalqın ümidləri puç olsun. Çünki müxalifətin seçkidə iştirakı xalqa ümid verir. Əgər seçki total saxtakarlıqla, repressiyalarla, mitinqlərdə qocaların uşaqların döyülməsi ilə nəticələnirsə, xalqın bu partiyalara və liderlərinə inamı itir. İnsanlar böyük bir depressiyaya düşürlər».


Lalə Şövkət «Azadlıq» blokunun boykot qərarının şərh edərkən deyib: «Açığını deyim ki, bizim boykot aksiyamıza cavab olaraq hakimiyyət tərəfindən hər hansı müsbət dəyişiklər gözləmirik. Hakim rejimin bugünkü əhval-ruhiyyəsi, neft dollarlarının yaratdığı eyforiya, ümumiyyətlə, onların siyasi psixologiyası hazırkı mərhələdə hansısa güzəştlərə gedəcəklərinə ümid vermir. Amma gec də olsa, istənilən halda onlar bu addımı atmağa məcbur olacaqlar. Çünki bu janrda çox davam etmək olmaz».


AXC Ali Məclisinin sədri olmuş Arif Hacılı 1992-ci il may hadisələrinin «məxməri inqilab» olduğunu deyib. A.Hacılı «Yeni Müsavat»a deyib ki, həmin vaxt AXC Azərbaycan Konstitusiyasının müdafiəsinə qalxdı: «Beləliklə biz Konstitusiyanın müdafiəsi naminə xalqa çağırış etdik. Xalq AXC-nin çağırışına uyğun olaraq bu prosesə qoşuldu. Yüz minlərlə adam Azərbaycanda hakimiyyətin qəsb edilməsinə və demokratikləşmə prosesinin dayandırılmasına, Qarabağ müharibəsi zamanı buraxdığı səhvlər ucbatından torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasına şərait yaradan insanların hakimiyyətə gəlməsinə imkan vermədi».


«Azərbaycanda hər gün minlərlə uşaq evdən «məktəbə gedirəm» deyərək çıxır, amma məktəbdə bir dərsdən sonra tədrisdən yayınır və «asudə vaxt»larını istədikləri təki keçirirlər. Yaşları 6-16 arasında olan bu kiçik vətəndaşların məktəbdən kənarda keçirdikləri «məktəb saatları»nda isə onlar tamamən nəzarətsiz qalır və ən müxtəlif əməllər, o cümlədən qanun pozuntularına yol verirlər». Bu barədə «Ekspress» araşdırma yazısı dərc edib.


Qəzet bildirir ki, orta ümumtəhsil məktəblərində davamiyyət problemi Azərbaycanda ciddi səviyyəyə çatıb. Vətəndaşların tam əksəriyyətinin sosial-iqtisadi yaşam şərtləri ağır olduğundan, bəzi ailələr uşaqlarını məktəbə yollamayıb onların işləməsinə və «çörəkpulu» qazanmalarına üstünlük verirlər.


«Müstəqil mənbələrin verdikləri məlumata görə, hazırda yaşları 11-16 arasında olan hər 10 şagirddən biri sürəkli, ikisi fasilələrlə, üçü isə ayda minimum 3 dəfə dərs zamanı tədris prosesindən yayınır və bundan valideynlərin xəbəri olmur».


Ölkə başçısının xanımı Mehriban Əliyeva isə deyir ki: «Hökumət ən müasir tələblərə cavab verən milli təhsil sisteminin yaradılmasına xüsusi əhəmiyyət verir. Təhsil infrastrukturunun inkişafına və müasir qurğuların tikilməsinə sərmayə qoyur. Təhsilin inkişaf etdirilməsi və onun Avropa standartlarına çatdırılması üçün genişmiqyaslı proqramlar həyata keçirilir». O, Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Bakıda keçirilən regional konfransında çıxışında belə deyib. Məlumatı «Azərbaycan» qəzeti yayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG