«Real ələmdə qarşında insan dayanır və onun reaksiyası səndə müəyyən reaksiyalar doğurur. Kompyuterlə üz-üzə qalanda isə yalnız özün, fikirlərin olur. Onları tam ifadə edə, virtual aləmdə özünü göstərə bilirsən…»
Gənc xanım Səbinə Rəsulova belə deyir. Gənclər arasında fəallığı ilə seçilən Səbinə həm də internet forum və qruplarda gedən müzakirələrdə iştirak edir. Onun sözlərinə görə, bu gün Azərbaycanda internet forum və qruplarda virtual müzakirələr aktiv gənclərin həyatının bir hissəsidir. Onlar reallıqda deyə bilmədiklərini internetdə kifayət qədər azad və dolğun ifadə edə bilirlər: «Biz sadəcə virtual aləmə sığınırıq. Cəmiyyətdə fikirlərimizi tam açıq deyə bilmirik. Deyəndə də təzyiq olur. Virtualda isə hələ ki, məhdudiyyət yoxdur».
İnternet müzakirələrdə daha çox gənclər iştirak edirlər. Hər gün də fərqli mövzu olur. Son günlər daha çox müzakirə olunan movzular isə qiymət artımı, gənclər təşkilatlarının fəaliyyəti və xaricdə təhsil alıb gələn şəxslərin ölkəyə faydası ilə bağlıdır. «Dalğa» Gənclər Hərəkatının üzvlərindən biri Ramil Hacılı bildirir ki, bu cür müzakirələr daha geniş auditoriyanı əhatə edir və gənclər öz fikirlərini tolerantlıqla əks etdirirlər. Çünki burada heç kim heç kimin sözünü kəsmir və təsir etmə gücü yoxdur. Ramin Hacılı deyir ki, bunun real müzakirədən fərqi yoxdur: «Beyin fırtınası real həyatda da olur, virtual aləmdə də».
Azərbaycanda gənclər arasında kifayət qədər məşhur olan, üç minə yaxın insanı birləşdirən Yahoo qrupun həm iştirakçısı, həm də moderatoru Emin Abdullayev isə deyir ki, bəzi insanlar qruplarda canavara çevrilir, azad və əsaslı söz deyirlər. Amma: «Onlar real həyatda özlərini reallaşdıra, öz fikirlərini, ideyalarını deyə bilmirlər. Çünki qorxurlar ki, kimsə nə isə deyər. Virtual aləmdə ikinci kimlik yaranır».
Lakin Emil Abdullayev hesab edir ki, virtual aləmin bu gün Azərbaycanda azad düşüncənin inkişafında rolu da böyükdür.
Virtual aləmdə müzakirələr siyasətçilər, iqtisadçılar və müəyyən maraq dairəsi olan insanlar arasında da geniş yayılıb. Politoloq Hikmət Hacızadə deyir ki, bunun iki səbəbi var: «Birincisi, ölkədə söz demək çətindir. İkincisi də bu, bizim utancaq mədəniyyətimizdən irəli gəlir. İsanlar utancaqdırlar. Ona görə də danışmağa, fikrini açıq ifadə etməyə çəkinirlər. Amma internetdə anonim çıxış edir və bu səbəbdən də daha səmimi və sərbəst olurlar».
İnternet müzakirələrdə iştirak edən başqa bir politoloq İlqar Məmmədov isə deyir ki, insanların virtual aləmdə daha sərbəst və açıq söz deməsinə səbəb onların bu dünyada özlərini təhlükəsiz hiss etməsidir: «Bu, Azərbaycana baş ucalığı gətirən hal deyil».
İlqar Məmmədov deyir ki, əgər bu gün Azərbaycan vətəndaşı öz sözünü virtual həyatda deyə bilirsə, bu, o demək deyil ki, o, demokratiya daşıyıcısıdır. Onun sözlərinə görə, demokratiya üçün virtualda çıxış vacib olsa da, ilk növbədə real fəaliyyət lazımdır.