Bu barədə «Azadlıq» radiosuna Aqil Xəlil özü məlumat verib:
«Mənə konkret 7 may izləmələri barədə suallar verildi. Bir də, xaricə getməyimlə bağlı soruşdular. Dedim ki, səfər şəxsi işimlə əlaqədardır. Dedilər ki, ölkəni tərk edə bilmərəm. Guya ki, mən istintaqda onlara yardımçıyam. Mənsə dedim ki, bunu istintaq saymıram. Ölkəni tərk etməmək barədə kağıza qol çəkdirmək istədilər, ancaq imzalamadım».
Jurnalistin fikrincə, istintaqın istiqaməti dəyişməyib. Bununla belə, müstəntiqlər istintaqın yekunlaşmaq üzrə olduğunu bildiriblər.
Aqil Xəlil bu günlərdə naməlum şəxslərin onu metroda vaqonun altına itələmək və oğurlamaq istədiklərini deyib.
Mayın 12-də Respublika Prokurorluğu Aqil Xəlilin ölkəni tərk etmək cəhdinin qarşısının alınması haqqında məlumat yayıb. Prokurorluq bildirib ki, jurnalistin ibtidai və məhkəmə istintaqında iştirakı zəruridir.
«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil iki dəfə hücuma məruz qalıb, ürək nahiyəsindən bıçaqlanıb. Jurnalist həmçinin prokurorluqda əvvəlki dindirilmə zamanı ondan zorla ifadə alındığını və döyüldüyünü bildirib.
Respublika Prokurorluğu mətbuata verdiyi açıqlamada onun dediklərini təkzib edib və homoseksuallar tərəfindən bıçaqlandığını bildirib.