Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:55

Atəşkəs sazişindən 14 il keçir


Azərbaycan artilleriyası atəş açır, 1992
Azərbaycan artilleriyası atəş açır, 1992

Azərbaycan və Ermənistan arasında atəşkəsə dair Bişkek protokolunun imzalanmasından 14 il keçir. Həmin protokolu 1994-cü il mayın 12-də Rusiyanın vasitəçiliyi ilə Qırğızıstan paytaxtında Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları imzalayıb.


Həmin il mayın 4-də Bişkekdə açılan MDB Parlamentlərarası Assambleyasının iclasında Rusiya atəşkəsə dair konkret layihə ilə çıxış etdi. Toplantıda Azərbaycanı Milli Məclis sədrinin müavinin Afiyəddin Cəlilov, Ermənistanı isə parlament sədri B.Ararksyan təmsil edirdi. Lakin mayın 4-ü və 5-də keçirilən danışıqlar nəticə vermədi. Əsas fikir ayrılığı isə protokolda Dağlıq Qarabağın erməni icmasına da bərabərhüquqlu tərəf kimi yer ayrılması üstündə idi. Ölkə rəsmiləri bunu Azərbaycanın prinsipial mövqeyinə zidd hesab etmişdi. Azərbaycan heyəti protokolu imzalamadan Bakıya qayıtdı. Ermənistan tərəfi isə sənədi artıq imzalamışdı. Mayın 8-də sənədi Azərbaycan parlamentinin sədri və Dağlıq Qarabağın azərbaycanlı icmasının başçısı Bakıda imzaladılar.


Atəşkəs protokolu mayın 12-də qüvvəyə mindi. Mayın 19-da isə onun həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradıldı.


Atəşkəs haqqında sazişin imzalandığı 1994-cü il Ermənistan-Azərbaycan silahlı qüvvələrinin döyüş xəttində gərgin dövr idi. Azərbaycan ordusu həmin ilin yanvarında Horadiz qəsəbəsinin və Füzuli rayonunun Arazboyu kəndlərinin azad olunması ilə nəticələnən əks hücum təşkil etsə də, ümumilikdə cəbhə xəttində gərginlik artırdı.


1988-ci ildən başlanın Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizə yaxınını işğal edib. Azərbaycan 6 illik müharibə dövründə 20 min nəfərə yaxın vətəndaşını itirib, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.


Qeyri-rəsmi məlumatlara görə atəşkəs dövründə irili-xırdalı toqquşmalar nəticəsində Azərbaycanın 3 minə yaxın hərbi qulluqçu və mülki vətəndaşı həlak olub. Hazırda atəşkəsə nəzarət məqsədi ilə ATƏT sədrinin missiyası müntəzəm monitorinqlər keçirir.


Bişkek protokoluna görə, «ən yaxın günlərdə» işğal olunmuş ərazilər boşaldılmalı, kommunikasiyalar bərpa edilməli və köçkünlər geri qaytarılmalı idi.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG