Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

«Azad və ədalətli seçkilər imkanı xeyli azalıb»


Layihədə seçki kampaniyası dövrü 120 gündən 60 günə endirilib
Layihədə seçki kampaniyası dövrü 120 gündən 60 günə endirilib

Seçki Məcəlləsinə (SM) təklif edilən düzəliş layihəsi hələ parlamentin müzakirəsinə çıxarılmamaş ciddi tənqidlərlə qarşılaşıb. Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli deyir ki, onlara təqdim edilən layihə indi qüvvədə olan Məcəllə ilə müqayisədə daha mürtəcedir. Səmədbəyli bildirir ki, layihədə prezident seçkisində seçki kampaniyası dövrü 120 gündən 60 günə endirilib. Təbliğat-təşviqat dövrünün isə 60 gündən 21 günə endirilməsi təklif edilib. Üstəlik, mövcud layihə namizədlərin televiziya ilə çıxışlarına da müəyyən məhdudiyyətlər yaradır.


Müxalifəti narahat edən odur ki, həm təbliğat, həm təşviqat, həm də ayrılıqda efir müddətinin azaldılması yalnız hakimiyyətin mənafeyinə xidmət edə bilər. Çünki müxalifət hesab edir ki, onsuz da hakimiyyətin nəzarəti altında çoxsaylı televiziya kanalları, mətbuat orqanları var ki, onlar istədikləri qədər öz təbliğatlarını qura bilərlər.


Arzu Səmədbəylinin sözlərinə görə, bu layihəni daha mürtəce edən məqamlardan biri də namizədlərin qeydiyyatının ləğvi ilə bağlıdır. Millət vəkili deyir ki, bu düzəlişlər qəbul olunarsa, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq istənilən arzuedilməz namizədin qeydiyyatı ləğv edilə bilər: «Polisə müqavimət adı ilə istədikləri şəxsi 5-10 günlük həbs edib namizədliyini ləğv etmək olar».


SM-ə bu düzəlişlər layihəsinin parlamentdə ciddi müqavimətlə qarşılaşacağını düşünmək sadəlöhvlük olardı.



«Durğunluq dövrüdür. SSRİ necə ki, 70-ci illərdə dünyada neft böhranından istifadə edib təmtəraqlı bayramlar keçirirdi, biz də elə. İndi neft pullarının çoxluğundan yubiley mərasimləri, təmtəraqlı şənliklərlə baş qatırıq»

Milli Məclisdə əksəriyyət hakim Yeni Azərbaycan Partiyasına məxsusdur. Bu partiyadan olan millət vəkili Musa Quliyev deyir ki, Azərbaycan kimi balaca ölkədə təbliğat-təşviqat prosesinə üzün müddət sərf etməyə elə bir ehtiyac yoxdur: «Müxalifət sadəcə bu iddialarla öz məğlubiyyətinə əvvəlcədən bəraət qazandırmaq istəyir. Üstəlik, Seçki Məcəlləsi bütün tərəflərə bərabər imkanlar yaradır. Kimsə öz qüvvəsinə inanmırsa bəhanə axtarmasın».


Ancaq məsələ heç də Seçki Məcəlləsinin bütün tərəflərə barəbər imkanlar yaratmasında deyil. Hərçənd müxalifət heç bu fikirlə də razı deyil. Müxalifətə görə, həm mövcud Məcəllə, həm də düzəlişlər layihəsi imkan verəcək ki, hakimiyyət komissiyalara nəzarəti öz əlində saxlasın. Halbuki, 2003-ci il prezident seçkisinə qədər mövcud olan Məcəllə müxalifətə komissiyalarda daha çox yer tutmağa imkan verirdi.


Ümumilikdə müxalifət hesab edir ki, son 5-10 ildə həm Seçki Məcəlləsinə edilən düzəlişlər, həm də siyasi proseslərin inkişaf dinamikası azad və ədalətli seçkilər imkanını xeyli azaldıb. Müxalifət yada salır ki, 1998-ci ildə onlar paytaxtın Füzuli, Nərimanov kimi mərkəzi meydanlarında kütləvi aksiyalar keçirə bilirdilər. İndi onları heç ucqar meydanlara da yaxın buraxmırlar.


Üstəlik, həmin vaxt hakimiyyətin nəzarəti altında bir televiziya var idisə indi onların sayı az qala 10-a çatıb. Bakı Siyasi Təsir və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Məmmədov isə indiki Azərbaycanı ötən əsrin 70-ci illərindəki Sovetlər Birliyi ilə müqayisə edir: «Durğunluq dövrüdür. SSRİ necə ki, 70-ci illərdə dünyada neft böhranından istifadə edib təmtəraqlı bayramlar keçirirdi, biz də elə. İndi neft pullarının çoxluğundan yubiley mərasimləri, təmtəraqlı şənliklərlə baş qatırıq».


İlqar Məmmədov hesab edir ki, həm qanunvericilikdə, həm də real siyasi həyatda baş verənlər Azərbaycanı Avropa ailəsinə qatılmaq ideyasından getdikcə uzaqlaşdırır. Bu isə ölkənin yaxın gələcəyinə yaxşı heç nə vəd etmir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG