Seçki Monitorinq Mərkəzi (SMM) Ədliyyə Nazirliyindən (ƏN) 60 min manat kompensasiya tələb edir. Bu qarşılıqlı iddianı ƏN-in SMM-in qeydiyyatının ləğvi tələbi ilə bağlı Xətai Rayon Məhkəməsində gedən prosesdə müdafiə tərəfinin vəkili İntiqam Əliyev qaldırdı. Bundan əvvəl məhkəmənin hazırlıq iclasında Nazirliyin nümayəndəsi Əfqan Baxışov isə Mərkəzin qeydiyyatının etibarsız sayılması tələbini üç arqumentlə izah etmişdi. ƏN hesab edirdi ki, təşkilatın təsis sənədləri aydın deyil, yerli filiallar və mərkəzi ofisin ünvanının dəyişdirilməsi ilə bağlı onlara məlumat verilməyib. Müdafiə tərəfinin vəkili İntiqam Əliyev isə mayın 8-də verdikləri qarşılıqlı iddianı belə izah etdi: «Ədliyyə Nazirliyi Seçki Monitorinq Mərkəzinin qeydiyyatını 2 il əsassız olaraq yubadıb. Təsisçilər hesab edirlər ki, buna görə kompensasiya olaraq onlara 60 min manat ödənilməlidir».
Məhkəmə prosesində İntiqam Əliyev bir neçə vəsatət qaldırdı. Onların birində qeyd edilirdi ki, məhkəmə Ədliyyə Nazirliyinin tutduğu iradların təşkilatın qeydiyyatını ləğv etməyə əsas verib-vermədiyi haqda Konstitusiya
Məhkəməsindən şərh istəsin. Hakim Tofiq Paşayev bu vəsatəti təmin etmədi. Daha bir qəbul edilməyən vəsatətdə isə qeyd edilirdi ki, bəzi rayonlarda SMM ilə əməkdaşlıq edən şəxslər icra hakimiyyətinə çağırılaraq sorğu-suala tutulur. Məhkəmədən həmin şəxslərin şahid kimi dindirilməsini istəyən vəkilə görə, icra hakimiyyətlərinin də bu işə qarışması təsadüf sayıla bilməz: «Elə bil bu məsələnin hökmü çoxdan verilib. Yeri gəlmişkən, rayonlarda Seçki Monitorinq Mərkəzinin əməkdaşlarının icra hakimiyyətlərinə çağırılıb hədələnməsi bizim təxminlərimizi sübuta yetirir».
Məhkəmədə yeganə olaraq keçmiş təsisçilərdən Sevil Həmidovanın prosesə dəvət edilməsi ilə bağlı vəsatət təmin edildi. Vəkil İntiqam Əliyev qeyd etdi ki, əgər sənədlərdə bəzi çatışmazlıq varsa, qeydiyyatın ləğvi iddiasından əvvəl bu barədə təşkilata xəbərdarlıq edilməliydi.
Ədliyyə Nazirliyinin nümayəndəsi Əfqan Baxışov isə Seçki Monitorinq Mərkəzini əvvəlcədən xəbərdar etməmələrini belə izah etdi: «Biz bu təşkilatın yaranması zamanı yol verilən qanunsuzluqları aşkarlamışıq. Ona görə də qeydiyyatın etibarsız sayılmasını istəyirik. Ona görə də onlarla əlaqə saxlamağın əhəmiyyəti olmayıb».
Müdafiə tərəfi isə hesab edir ki, bütün hallarda onlar əvvəlcədən xəbərdar edilməliydilər. Mərkəzin rəhbəri Anar Məmmədli deyir ki, hər necə olursa-olsun məqsəd onları qarşıdan gələn prezident seçkisindən kənarda qoymaqdır: «Qeydiyyatımız ləğv olunsa, Mərkəzi Seçki Komissiyasında da akkreditasiyamız olmayacaq. İnsanlar bizim təşkilatın ətrafında birləşib seçkiləri müşahidə edə bilməyəcəklər. Ən nəhayət, donor təşkilatlarla əməkdaşlığımızda problemlər yaranacaq».
Məhkəmə mayın 11-də davam etdirilməlidir. Müdafiə tərəfi artıq həmin gün qeydiyyatın ləğv ediləcəyindən ehtiyat edir.