«Mən qürurla bildirirəm ki, Böyük Britaniyada həbsdə heç bir jurnalist yoxdur və sabah da olmayacaq».
Bakıda səfərdə olan Böyük Britaniyanın Avropa məsələləri üzrə Dövlət naziri Cim Mörfi belə deyib.
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin Britaniya həbsxanalarında 90 jurnalistin saxlanması ilə bağlı açıqlamasına münasibət bildirən Mörfi deyib ki, deyilənlərin həqiqətlə heç bir bağlılığı yoxdur: «Bu, əsl cəfəngiyatdır. Mən qürurla bildirirəm ki, Böyük Britaniyada həbsdə heç bir jurnalist yoxdur və sabah da olmayacaq. Mətbuat azadlığı demokratiyanın ən vacib prinsiplərindən biridir».
Mörfi deyib ki, Azərbaycanda mətbuat azadlığı məsələsini prezident İlham Əliyev və Xarici İşlər nazirinin müavini Araz Əzimovla da müzakirə edib. «Mən danışıqların detallarını açıqlamayacağam. Ancaq əminəm ki, həm prezident Əliyev, həm də cənab Əzimov Britaniyanın mətbuat azadlığı məsələsinə necə böyük önəm verdiyinin fərqindədirlər», - deyə britaniyalı nazir vurğulayıb.
Cim Mörfi ölkə rəhbərliyi ilə demokratiyanın inkişafı və insan haqlarının təmin edilməsi məsələlərini də müzakirəyə çıxardığını deyib. Onun sözlərinə görə, Azərbaycanın gələcəyi üçün prezident seçkisinin azad və ədalətli keçirilməsi olduqca vacibdir. Mörfi Böyük Britaniyanın Azərbaycana azad və ədalətli seçkilər keçirməkdə yardım göstərməyə hazır olduğunu bildirib.
Cənab Mörfi ölkəsinin Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına tərəfdar olduğunu da deyib. O bildirib ki, nə Böyük Britaniya, nə də dünya birliyi Azərbaycanın ərazi bütövlüyünə şübhə etmir.