Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

«Düyü qəhətə çəkilir. Un isə son bir həftədə 15% bahalaşıb»


Bahalaşmaya səbəb kimi «üçüncü dünya ölkələri»ndə düyüyə tələbatın artması göstərilir
Bahalaşmaya səbəb kimi «üçüncü dünya ölkələri»ndə düyüyə tələbatın artması göstərilir

Rəsmi strukturların bəyanat və açıqlamalarına rəğmən, Azərbaycanda buğda və düyü qıtlığı hiss olunur. Özü də bu proses günbəgün kəskinləşir.


«Ekspress» yazır ki, iş o yerə çatıb ki, bəzi rayonlarda toy və yas mərasimlərində plovun verilməsi təxirə salınır. Rayonların əksəriyyətində isə buğda ilə yanaşı, düyünün də qiyməti bahalaşmaqda davam edir. Satış məntəqələrindən qıtlığı həm də qiymətin sürətlə bahalaşması nəticəsində əhalinin bir hissəsinin ehtiyat məqsədilə bir neçə aylıq un alması ilə əsaslandırırlar. Nəticədə, ötən həftənin sonunda rayonlarda Bakı şəhərində olduğu kimi çörəyin qiymətində 25-40% bahalaşma baş verib.


Ümumilikdə isə son 1 həftə ərzində rayonlarda unun qiyməti təxminən 10-15% bahalaşıb.


Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, hazırda nazirliyin əməkdaşları hökumətin tapşırığı ilə rayonlarda yerləşən dəyirmanlarda və anbarlarda taxıl-un ehtiyatlarının həcminin dəqiqləşdirilməsi ilə məşğuldur. Nazirlikdən bəzi rayonlarda un qıtlığının süni şəkildə yaradılmasını da istisna etməyiblər.


Azərbaycan Müstəqil İqtisadi Tədqiqatlar Assosiasiyasının eksperti Vidadi Məmmədovun dediyinə görə, düyünün bahalaşmasının əsas səbəbi «üçüncü dünya ölkələri», xüsusilə də Çin və Hindistanda düyüyə tələbatın təkliflə müqayisədə sürətlə artmasındadır: «Bu ölkələrdəki əhalinin tam əksəriyyəti üçün düyü əsas qida məhsuludur. Əgər son vaxtlaradək düyü ilə bağlı situasiya narahatlıq doğururdusa, indi kritik həddə çatıb. Çin, Vyetnam, Hindistan, Braziliya, Tayland düyü ixracını dayandırır. Təbii ki, proseslər bilavasitə Azərbaycana da təsir edir. Həmin təsir bundan sonra daha da ağırlaşacaq».


«Heydər Əliyev - Azərbaycan bələdiyyələri» mövzusunda elmi seminar keçirilib. Bu barədə rəsmi qəzet «Azərbaycan» məlumat verib.


Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri İlham Xəlilov «Heydər Əliyev və Azərbaycanda bələdiyyələrin inkişafı» mövzusundakı çıxışında keçmiş prezidentin bələdiyyə institutunu yaratmasından, onun vəzifə və səlahiyyətlərini, inkişaf istiqamətlərini müəyyən etməsindən danışıb.


«Gün səhər» yazır ki, «sosial ipoteka iyulda başlanacaq». Qəzet onu da iddia edir ki, kommersiya şərtləri əsasında mərkəzləşdirilmiş qaydada ipoteka kreditlərinin verilməsi bu il mümkün olmayacaq. Buna səbəb dövlətin maliyyə mənbələri tapa bilməməsidir. Ayrı-ayrı banklar isə öz vəsaitlərini daxili qaydalar əsasında mənzil kreditləşməsinə yönəldə bilər».


Bu barədə «GÜN səhər»ə Maliyyə Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildiriblər ki, yaxın vaxtlarda ipoteka kreditləşəsi sisteminə yenidən qayıdılacaq. Yeni sənəd yalnız kommersiya şərtləri əsasında veriləcək adi ipotekaya aiddir. Orada faiz dərəcələrinin ən azı 18 faiz, kreditləşmə müddətinin isə 20 il müəyyən edilməsi tövsiyə olunur. Sənəd imzalanması üçün dövlət başçısına təqdim olunsa da, onun reallaşmasına 2009-cu ildə başlanacaq.


XS
SM
MD
LG