Xırdalan şəhərinin bir neçə yaşayış massivinə 6 gündür suyun verilməsi dayandırılıb. Mayın 5-də əsasən məcburi köçkünlərin məskunlaşdığı məhəllələrin sakinləri buna etiraz əlaməti olaraq Bakı-Sumqayıt magistral yolunu bağlayıblar: «Hərə əlinə bir vedrə götürüb düşüb küçələrə. Heç yerdə su yoxdur. Artıq evlərimizdə əl yumağa da su tapmırıq. Deyirlər, sayğac quraşdırırıq. Etiraz etmirik, ancaq bizi suyla təmin etsinlər».
Sakinlər deyirlər ki, Sulutəpə su anbarından əraziyə verilən su xətti bağlanıb.
Xırdalan İcra Hakimiyyətində və «Azərsu» Səhmdar Cəmiyyətinin (SC) satış bölməsində şikayətçilərə bildiriblər ki, suyun kəsilməsi sayğaclaşma ilə bağlıdır. Ancaq altı gün keçməsinə baxmayaraq heç bir evdə sayğac quraşdırılmayıb.
Ərazini suyla təmin etməli olan «Azərsu» SC-nin Binəqədi bölməsinin rəhbəri Xanlar Süleymanov isə «Azadlıq» radiosuna deyib ki, suyun kəsilməsinə səbəb ödənişlərin yığılmamasıdır.
Onun sözlərinə görə, sakinlər öz hesablarına sayğac quraşdırmayana qədər əraziyə suyun verilməsi gözlənilmir.
Yarım saat sonra aksiyaçılar yolu açıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Sənan Hüseynov isə «Azadlıq» radiosuna deyib ki, məcburi köçkünlərə kommunal xidmətlər göstərən qurumlara olan borclar hər ayın ilk günlərində ödənilir. «Azərsu» SC-nin Xırdalan ərazisindəki köçkünlər yaşayan məhəllələrə su verilməməsinin heç bir səbəbi yoxdur. Sayğaclar isə məcburi köçkünlərin deyil, paylacı şirkətlərin hesabına quraşdırılmalıdır.