Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

«Qafqaz manifesti»


Polis 2005-ci parlament seçkiləri ərəfəsində müxalifətin aksiyasını dağıdır
Polis 2005-ci parlament seçkiləri ərəfəsində müxalifətin aksiyasını dağıdır

«Ermənistanda keçirilən son prezident seçkiləri və bu hadisə ətrafında baş verən hadisələr, səslənən beynəlxalq rəylər hər kəsi düşündürdü: xalqdan bu qədər dəstək alan, siyasi qüvvələrin maksimal dərəcədə təmərküzləşməsinə nail olan eks-prezident Levon Ter-Petrosyan niyə hakimiyyətə gələ bilmədi? Nədən Köçəryan-Sərkisyan ittifaqı, göstərdiyi antidemokratik tövrə rəğmən, beynəlxalq aləmdə daha çox dəstək qazandı, təbriklər aldı?». «Gün səhər» qəzetində Qabil Abbasoğlu «Qafqaz manifesti» məqaləsində belə yazır.


Müəllif Cənubi Qafqaz respublikalarında demokratik dəyərlərin hansı dərəcə də möhkəmlənməsi prosesini təhlil edir və aşağıdakı nəticəyə gəlir:


«Bir həqiqət var ki, hakimiyyətlər təkcə sabitliyin deyil, həm də qeyri-sabitliyin mənbəyidir. Məsələn, son illərin Qafqaz təcrübəsi göstərdi ki, hakimiyyətlər seçki kimi nəhəng siyasi hadisələr zamanı mövqeyini qoruyub saxlamaq üçün ən ciddi kataklizmlərin belə yaranmasından qaçmır, belə situasiyaları nəinki yaradır, hətta idarə edir, böyüdür və ondan öz istədiyi nəticə ilə çıxmaq üçün sərt repressiyalara əl atır. Bakı da, İrəvan da, Tiflis də belə nümunələri yaşayıb. Biz görmüşüksə, Qərb də görüb, ondan özü üçün nəticə də çıxarıb».


Müəllif 2003-cü ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkilərinə qərbin münasibətini təhlil edir: «Qərbin siyasi dairələri tərəfindən hələ də şübhəli və tərəddüdlü qarşılanan İlham Əliyevin sonrakı siyasi taleyinə bircə faktın ciddi təsiri oldu: ifrat qanunsuzluq və ifrat antidemokratiya hesabına olsa belə, situasiyanı öz xeyrinə dəyişə bilməsi!»


«Azadlıq» qəzeti yazır ki, aprelin 30-da Göyçay, Ağdaş, Zərdab, Ağsu, Ucar və bir çox rayonların əhalisi çörəksiz qalıb. «Çörək istehsalıyla məşğul olan müəssisələrin sahibləri deyiblər ki, un qıtlığına görə onlar əhalinin tələbatının yalnız 30 faizini ödəmək gücündədirlər. Bu da çörək növbələrinin yaranmasına gətirib çıxarıb. Əhalinin yerli rəhbərliyə müraciətləri nəticəsiz qalıb. Şikayətçilərə deyiblər ki, möhtəkirlər unu anbarlara yığaraq gizlədirlər».


Göyçay rayonundan «Azadlığ»a bildiriblər ki, «un tapmaq problemdir. Bəzi kəndlərdən isə vətəndaşlar un və çörək dalıyca rayon mərkəzinə gəlsələr də, əliboş qayıtmalı olublar. Bir neçə gün bu cür davam edəcəyi təqdirdə isə rayonlarda kortəbii etiraz aksiyalarının başlayacağı istisna deyil. Və artıq əhali etirazlarını açıq şəkildə dilə gətirməyə başlayıb».


Keçmiş prezident Heydər Əliyevin 85 illiyi ilə bağlı silsilə tədbirlər dövlət qəzetlərində geniş şəkildə işıqlandırılmaqdadır.


Bu dəfə respublikanın Hərbi Prokurorluğu Heydər Əliyevlə bağlı kitablar nəşr etdirib. «Azərbaycan» yazır ki, «Heydər Əliyev və qanunçuluq», «Heydər Əliyev dövlətçilik haqqında» kitablarının müəllifi hərbi prokuror Xanlar Vəliyevdir. Qəzet yazır: «Kitabla tanış olduqca dərk edirsən ki, Heydər Əliyev dövlət quruculuğu, demokratiyanın inkişafı, ölkədə əmin-amanlıq, asayiş və sabitliyin sarsılmaz təməllər üzərində daimi dayanıqlığına nail olmaqdan ötrü, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması və digər məsələləri bizim üçün əlçatmaz olan zirvədən böyük müdriklik və uzaqgörənliklə həll etmişdir».


XS
SM
MD
LG