«Ən güclü tərəfdaşlıq odur ki, birgə maraqlara deyil, demokratiya, insan haqları kimi ümumi dəyərlərə söykənəsən». Bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Enn Ders deyir. O, yada salır ki, bu il həm Birləşmiş Ştatlarda, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Səfirin sözlərinə görə, bu seçkilər birgə dəyərlərə münasibət baxımından da çox əlverişlidir. Enn Ders qeyd edir ki, onlar Azərbaycanla tək enerji və təhlükəsizlik məsələləri ilə yox, həm də demokratik dəyərlərlə bağlı əməkdaşlıq etmək niyyətindədirlər: «Qanunun aliliyinə, vətəndaş cəmiyyətinə, müstəqil mətbuata, siyasi proseslərə dəstək proqramlarını həyata keçiririk. Bundan başqa, ABŞ bu il keçirilən prezident seçkisinə dəstək məqsədi ilə Azərbaycana 3 milyon dollar yardım edəcək».
Xanım Ders deyir ki, bu vəsait siyasi partiyaların və seçki sisteminin güclənməsinə sərf ediləcək. Onun sözlərinə görə, eyni zamanda seçki prosesinin və səsvermənin müşahidəsinin gücləndirilməsinə də dəstək genişləndiriləcək. Bundan başqa, sərbəst toplaşmaq azadlığının təmini üçün polis işçiləri arasında treninqlər aparılacaq. Səfir bildirir ki, onlar eyni zamanda səslərin paralel sayılmasını da maliyyələşdirmək niyyətindədirlər.
Enn Ders qeyd edir ki, Azərbaycan enerji əməkdaşlığı və anti-terror koalisiyasında bir sıra uğurlara imza atdığı kimi demokratiyanın inkişaf etdirilməsinin də qayğısına qalmalıdır. Onun sözlərinə görə, bu, ölkənin beynəlxalq imici üçün də çox vacibdir: «Kim Azərbaycanda azad və ədalətli seçkilərə yardım edirsə, o qüvvə ölkənin mili maraqlarına xidmət edir. Yox, demokratik seçkilərə əngəl olurlarsa, onlar Azərbaycanın mili maraqlarına ağır zərbə vururlar».
ABŞ səfiri deyir ki, Azərbaycanın bir sıra problemlərinin həlli məhz ölkədə demokratiyanın inkişafından çox asılıdır. O, bəzi müxalifət partiyalarının seçkiləri boykot etmələrinə də münasibətini bildirdi. Enn Dersin sözlərinə görə, öz hüquqlarını bilən və bunun uğrunda mübarizə aparan insanlar olmadan demokratiyanı inkişaf etdirmək mümkün deyil: «Odur ki, iştirak etmədən demokratiyanı inkişaf etdirmək olmaz. Ona görə də biz bu adamları seçkidə iştiraka da çağırırıq».
Ders Ermənistanda keçirilən prezident seçkisi zamanı baş verən hadisələrin Azərbaycanda da təkrarlanmamasının mümkün yollarından danışdı. O, deyir ki, hüquq-mühafizə orqanları asayişin qorunması kimi, isan haqlarının təmin edilməsinə görə də məsuliyyət daşıyırlar: «Həqiqi sabitlik zorakılığa söykənən sabitlik deyil. Əsl sabitlik insanların hüquq və azadlığına söykənən sabitlikdir».
Səfir deyir ki, Azərbaycan hakimiyyətinin demokratik seçkilərlə bağlı öhdəlikləri var. Qarşıdan gələn prezident seçkisi həmin öhdəliklərə səmimi münasibətin göstəricisi olacaq.