Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 12:38

Limonla nə etmək olar…


Doğrudan da, 5 manata limon olar?
Doğrudan da, 5 manata limon olar?

«Mərkəz» qəzeti:


Əlbəttə, hamı gözəl bilir ki, yaxın gələcəkdə nəinki heç bir inqilab-filan, hətta alababat mitinq belə gözlənilmir, amma belə bir cəhd olsaydı, mən ona «Limon inqilabı» adını təklif edərdim. «Təzə bazar»da biri 5 manata limon görəndən sonra bu fikrə yaman aludə olmuşam...


Doğrudan da, 5 manata limon olar? Satıcı bahalığı belə izah etdi ki, bu limon «kakoy-nibud Lənkərandan yox, Ordubaddan gəlib və əsl Ordubad limonudur». Qardaşım, qoy lap Andromeda Dumanlığından gəlmiş olsun və üstünə kosmik nəqliyyat xərcləri də əlavə edilsin – bütün hallarda bu limondur axı! Və onun limon qiyməti olmalıdır...


Ukraynada bu ilin birinci rübündə - cəmisi üç ayda inflyasiya vurub 19 faizi keçəndə, iqtisadiyyat naziri Boqdan Danilişin bunu belə izah etdi ki, bananın qiyməti iki dəfə qalxıb, bütün başqa qiymətləri də ardıyca çəkib aparıb. Bir ölkənin iqtisadiyyatına əgər banan yön verirsə, di gəl ona ad qoy, görüm nə qoyursan! Belə bir izahat cəhdi bizdə də olmuşdu – Baş nazir Artur Rəsizadə inflyasiyanı əhalinin qışda xiyar yeməsilə izah eləmişdi. Amma indi ki yazdır. Və adamın dalağı sancmağa başlayıb ki, bizim limon da ukraynalı banandan pis örnək götürərək, başqa qiymətləri öz dalıyca çəkib aparsa, nə edəcəyik? Axı biz yaman çayxor millətik...


Amma inanın, limonun belə bahalaşmasının xeyirli cəhətləri var. Çünki o qiymətə aldığın limonu çaya salandan sonra artıq normal çay içmək mümkün deyil. Başlayırsan, Adam Smitdən tutmuş, Keyns nəzəriyyəsinə qədər bütün iqtisadi ideyaları bir-bir götür-qoy etməyə, bu işlərin axırının necə qurtaracağı haqda fəlsəfi fikirlər yürütməyə....



«Gün səhər» qəzeti:


Naxçıvan Muxtar Respublikasında əcaib qadağaların qoyulması xəbəri birinci dəfə deyil. Sanki Muxtar Respublikada kimsə oturub, məhz insanları təəccübləndirən yasaqlar düşünüb tapır... Bu barədə Azərbaycan mətbuatında vaxtaşırı məlumatlar yer alır.


Aldığımız son məlumatda deyilir ki, Naxçıvanda toyların üç saatdan artıq davam etməsi yasaqlanıb. İstər böyük, istər kiçik toy olsun, yaxud hər hansı əlamətdar günlə, hadisə ilə bağlı ziyafətlər, şənliklər də üç saatdan artıq sürə bilməz. Ən maraqlısı ondan ibarətdir ki, muxtar respublikada qız toyuna icazə verilmir. Mənbə iddia edir ki, əgər toy üç saatdan artıq davam edərsə, bu zaman məclisin sahibi təzyiqlərə məruz qalır.


Mənbə onu da bildirir ki, insanların küçələrə çıxaraq gəzməsinə imkan verilmir. Belə vəziyyət daha çox rayon və kənd sakinlərinə aiddir. Qeyd olunur ki, polislər küçələrdə işsiz gəzən insanlara yaxınlaşaraq onları əkinlə məşğul olmağa dəvət edir.


Deyilənə görə, bir müddət öncə bir kənd sakinindən boş-boşuna gəzməsinin səbəbini soruşub, niyə kənd təsərrüfatı işlərinə əl qatmamasını irad tutublar. Bunun cavabında həmin adam tarlanı suvarmaq üçün su tələb edib. Bu da həmin adama təzyiq edilməsilə nəticələnib.



«Ekspress» qəzeti:


Azyaşlıların cinsi əlaqəsinin videoçəkilişləri Bakıda artıq nadir və ya inanılmaz hadisə deyil. Mobil telefon sahibləri «bluetooth» vasitəsilə belə faylları bir-birlərinə yollayır, baxır, şərh edirlər...


Azərbaycanın Cinayət Məcəlləsində uşaq pornoqrafiyasının hazırlanması və yayılmasına görə cəza nəzərdə tutan maddə yoxdur. Bu isə azyaşlıları çirkaba sürükləyənlərin qanun qarşısında cavab vermələrini təmin etmək sahəsində problemlər yaradır...


Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova hesab edir ki, əgər əvvəllər azyaşlılar Azərbaycandan xarici ölkələrə aparılıb orada cinsi zəmində istismara məruz qalırdılarsa, indi ölkə daxilində törədilən belə çirkin əməllərin statistikası artıb.


«Bunu mobil telefonlar vasitəsilə yayılan videogörüntü və fotoşəkillərə baxmaqla da anlamaq olar. Uşaq pornoqrafiyasına cəlb olunmuş azyaşlılar əsasən internatlarda olanlar, küçələrdə avaralıq edənlər və valideynləri tərəfindən nəzarətsiz qoyulmuşlardır. Belə cinayətlərin qurbanı olmuş uşaqlar üçün xüsusi reabilitasiya mərkəzləri yaradılmalı, habelə uşaq pornoqrafiyasına daxil olan görüntülərin yerləşdirildiyi internet saytlarını yaradanlar və belə saytların sahibləri məsuliyyətə cəlb olunmalıdır», - M. Əzizova söyləyib (Trend).


Uşaq pornoqrafiyası və pedofiliyanı təbliğ edən videomaterialların son vaxtlar mobil telefonlar və internet vasitəsilə yayılması hüquq-mühafizə orqanlarını da ciddi narahat edir. DİN-dən «Ekspress»ə verilən məlumata görə, internetin Azərbaycan seqmentində uşaq pornoqrafiyasını təbliğ edən saytlar yoxdur: belə veb-resursların hamısı ölkə xaricindədir...


XS
SM
MD
LG