Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Hər il Bakıda bir milyon yarım ton həcmində tullantı yaranır


Balaxanı zibilxanası
Balaxanı zibilxanası

Rəsmi rəqəmlərə görə, hər il Bakıda bir milyon yarım ton həcmində tullantı yaranır. Onun bir qismi çürüyərək təbiətə qovuşur, 60 faizi isə ya yerindəcə yandırılır, ya da şəhər kənarına aparılaraq, poliqonlarda basdırılır.


Amma BMT-nin Azərbaycandakı rezident nümayəndəsi Bruno Pueza deyir ki, indi bütün dünyada tullantıların basdırılması üsulunu artıq başqa vasitələrlə əvəz edirlər. Çünki xüsusilə bərk tullantıların yaşayış məntəqələrindən toplanıb-toplanmamasının elə bir əhəmiyyəti yoxdur – onlar sonradan başqa formada insanların həyat tərzinə, ekologiyaya zərər verməkdə davam edirlər.


Pueza deyir ki, tullantılar məsələn, yandırılaraq enerji mənbəyi kimi istifadə olunsa, həm sənaye qazanar, həm də təbiət: «Nəzərə alsaq ki, son dövrlərdə Azərbaycanda tikinti bumu və iqtisadi artım rekord səviyyədə olub, ölkə bərk tullantıların idarə edilməsi sahəsində böyük problemlə üzləşə bilər. Tullantıların torpağa basdırıldığı yerlərdən – zibilxanalardan yalnız bir neçəsi beynəlxalq sanitariya normalarına cavab verir. Onların təkrar emalı olduqca məhduddur. Zibilxanalar yaxşı idarə olunmadığından bu havaya və ekologiyaya çox mənfi təsir göstərir və çoxsaylı xəstəliklərin mənbəyinə çevrilir».


BMT nümayəndəsi deyir ki, tullantıların səmərəli idarə olunması üçün iqtisadi vasitələrdən istifadə edib stimul yaradılmalı, investisiya cəlb edilməli və qanunvericilik təkmilləşməlidir.


Hökumətdə isə hesab edirlər ki, şəhəri zibil tullantılarından təmizləmək üçün əvvəlcə insanları maarifləndirmək lazımdır. Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov deyir ki, tullantıların gələcəkdə çeşidlənməsi, emalı və yandırılaraq elektrik enerjisi istehsal edilməsi barədə hökumətin planları var. Amma nazirin sözlərinə görə, bəzən sakinlər bu işdən pul qazanmaq istəyirlər. «Bəzən bizdə belə mexanizmlərdən danışanda, ev sahibləri deyirlər ki, gəlsinlər, mənim tullantılarımı aparmaq üçün pul da versinlər. Belə mexanizm heç yerdə yoxdur. Amma düzgün qurulan mexanizm üzərində bunu hətta özəl sektorun da maraqlarına cavab verən sənaye sektoruna çevirmək mümkündür».


Bütün bu işlərə başlamaq üçün BMT Norveç hökumətinin dəstəyi ilə Azərbaycanla birlə layihə həyata keçirəcək. Artıq müqavilə də imzalanıb. Həmin layihə əsasında da tullantıların təkrar emalı, istifadəsi və bərpası sahəsində strategiyalar hazırlanacaq.


Bəs sadə Bakı sakini zibil tullantılarından nə vaxt yaxasını qurtara biləcək?


Bu suala nazir Hüseynqulu Bağırovun cavabı maraqlı oldu: «Xaricdə adi Con qolunu çırmalayıb heç kəsi gözləmədən kəndinin yollarını da düzəldir, suyunu da. Amma bizdə Məhəmməd gözləyir ki, qapısının zibilini də gəlsin hökumət yığışdırsın. Hansı dövlət buna dözər?»


Ekoloji məsələlər üzrə ekspert Hafiz Babalı isə deyir ki, əslində hökumət bu məsələdə vətəndaşın üzərinə artıq məsuliyyət qoyur. Onun fikrincə, problem sakinlərin pintiliyində deyil, əksinə dövlət icra sisteminin dolaşıq olmasındadır. Belə ki, zibili toplamalı olan kommunal qurumlar bir yox, bir neçə dövlət idarəsindən təşkil edildiyinə görə, bir-biri ilə anlaşıb işi görməkdə səhlənkarlıq göstərirlər. Buna görə də mənzil istismar sahəsi zibilin yığılmamasının məsuliyyətini atır maşının yoxluğunun üzərinə.


Hərçənd, ekspertə görə, xaricdə bu işi kompleks şəkildə bələdiyyəyə tapşırmaqla yoluna qoyurlar: «Bu, məhz bələdiyyə səviyyəsində olsa, artıq koordinasiya məsələləri tam həllini tapacaq».


Hökumətdə isə hesab edirlər ki, şəhər təsərrüfatını sakinlərin öhdəsinə buraxmaq gələcəyin işidir. Hələliksə tullantı probleminin həlli və idarə olunması üçün dövlət icra orqanlarından birinin nəzdində Bakı Şəhər İstehsalat Birliyinin yaradılması nəzərdə tutulur. Nazir Hüseynqulu Bağırovun sözlərinə görə, bu barədə prezident sərəncamı imzalanma ərəfəsindədir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG