Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Təhlükəsizlik Şurasının iclası razılıq olmadan başa çatıb


Təhlükəsizlik Şurasında Rusiyayla Gürcüstanın arasındakı gərginlik müzakirə olunub
Təhlükəsizlik Şurasında Rusiyayla Gürcüstanın arasındakı gərginlik müzakirə olunub

BMT Təhlükəsizlik Şurasının qapalı iclası deyəsən, razılıq olmadan başa çatıb. İclasda Rusiyayla Gürcüstanın arasındakı gərginlik müzakirə olunub. Rusiya Gürcüstanın separatçı regionlarıyla əlaqələrini genişləndirir. Birləşmiş Ştatlar, Britaniya, Fransa və Almaniya Rusiyanı tutduğu yoldan çəkinməyə çağırıb. Moskva çağırışları rədd edib. Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin: «Bizim etdiyimiz hər şey tam leqaldır, beynəlxalq razılaşmalara, qanunlara uyğun gəlir. Odur ki, anlamarıq, axı qanuni şeylərə necə etiraz etmək olar?»


Keçən həftə Rusiya prezidenti Vladimir Putin Abxaziya və Cənubi Osetiyadakı təşkilatları tanımaq və onlarla əməkdaşlığı gücləndirmək barədə göstəriş verib.


Rusiya səfiri Vitali Çurkin hökumətinin addımını müdafiə edib. O, deyib ki, separatçı bölgələrdə yaşayan vətəndaşlarının rifahını düşünmək Rusiyanın borcudur. Abxaziya və Cənubi Osetiya sakinlərinə vətəndaşlığı Rusiya özü təklif edir.


Gürcüstanın BMT-dəki səfiri İrakli Alasania isə «Azadlıq» radiosuna deyib ki, danışıqlar zamanı Rusiyanın müdafiəçisi az olub:

Dövlət katibi Gürcüstana Amerikanın tam dayağını təklif etməyib. Bildirib ki, məsələni Tbilisi ilə Moskva öz aralarında həll etməlidirlər
«Müzakirələr zamanı Təhlükəsizlik Şirasının demək olar ki, bütün üzvləri Rusiyaya kəskin tənqidi münasibətdə idilər. Cənab Çurkinin arqumentləri və özünümüdafiəsi inandırıcı deyildi».



Ərazi bütövlüyünü bərpa etmək istəyən Gürcüstan Rusiyanı özünə əsas maneə hesab edir. Tbilisi əmindir ki, Moskva təzyiqi artırmaqla Gürcüstanın NATO-ya qoşulmasına mane olmaq istəyir.


Gürcüstan NATO-ya üzv olmaq üçün ərazi bütövlüyünü bərpa etməlidir. Tbilisi və Kiyev NATO-dan Fəaliyyət Planı almağa ümid edirlər. Plan təşkilata üzvlük üçün ilk addımdır. Gürcüstanla Ukraynanın məsələsi dekabrda, NATO Xarici İşlər nazirlərinin görüşündə həll oluna bilər.


Gürcüstanın BMT-dəki səfiri Alasina Qərbi Tbilisə kömək etməyə, Rusiyanın taktikalarından qorumağa çağırıb: «Biz çox inanırıq ki, Rusiyaya təzyiq, nəticə əldə olunana qədər davam edəcək. Məqsədimiz Rusiyanın Gürcüstana qarşı təcavüzkar siyasətini dəyişməkdir. Əlbəttə, problem yalnız Təhlükəsizlik Şurasının bəyanatları və komyunikeləriylə həll oluna bilməz. Ona görə də Qərb ölkələri Rusiyayla işi davam etdirməlidirlər. Tək BMT-də yox, başqa təşkilatlarda da, ikitərəfli əməkdaşlıq zamanı da…»


Şurada iclasdan əvvəl Amerikanın Dövlət katibi Kondaliza Rays Gürcüstanın Xarici İşlər naziri David Bakradzeni qəbul edib. Rays deyib ki, o, Rusiyayla bir neçə məsələni müzakirə edib. Amma Dövlət katibi Gürcüstana Amerikanın tam dayağını təklif etməyib. Bildirib ki, məsələni Tbilisi ilə Moskva öz aralarında həll etməlidirlər. Digər Qərb ölkələri də yaydıqları bəyanatda konkret mövqe bildirməyiblər.


Amma Amerika prezidentliyi uğrunda mübarizə aparan respublikaçı Con Makkeyn Gürcüstanla həmfikir olduğunu bildirən bəyanat yayıb. Makkeyn Gürcüstan prezidenti Mixail Saakaşviliylə dostdur. Aprelin 22-də Saakaşviliylə görüşən Makkeyn Rusiyanı tənqid edən bəyanat yayıb. Bəyanatda deyilir ki, Rusiya əməkdaşlıq əvəzinə konfrantasiyaya gedir. Makkeyn bildirib ki, «NATO-nun sammitində bəziləri Gürcüstana Fəaliyyət Planı verilməsinə etiraz etdilər. Çünki bu, Rusiyanı qıcıqlandıra bilərdi. Bununla belə, Rusiya təxribata əl atdı. Amma biz imkan verməməliyik ki, Rusiya özünü azad bilib, Gürcüstanın suverenliyinə kölgə salan siyasətlə azad məşğul olsun».


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG