«Lider» televiziyası məni aldadıb». «Gün səhər» qəzetində dərc olunmuş yazıda psixoloq Dəyanət Rzayev deyir ki, «müsahibəmin siyasi məqsədlərlə istifadə olunacağını bilmirdim».
Kanalın AXCP sədri Əli Kərimli haqqında çəkdiyi filmdə psixoloq Dəyanət Rzayevi ekspert kimi danışdırılır. Rzayev müsahibədə cinsi azlıqlardan, bu əlamətlərin insanda necə əmələ gəlməsi, patoloji və psixoloji xüsusiyyətlərindən danışır. «Gün səhər» yazır ki, «Lider» isə psixoloqun dediklərini AXCP sədri haqqında söylənilmiş fikir kimi təqdim edir. Rzayev qəzetə açıqlamasında siyasi oyunlardan xəbərsiz olduğunu və aldadıldığını deyir: «Məndən xahiş etdilər, mən də müsahibə verdim. Mən gərək hansı verilişə , nə üçün çəkildiyini soruşaydım. Elə bildim «Xəbərlər» proqramı üçündür. Telekanalın müxbiri də mənə seksual azlıqlar barədə sual verdi ki, bəs bu nədir, xəstəlikdirmi, insanda necə yaranır? Mən də izah etdim. Mənə ümumiyyətlə, siyasətə yönəldilmiş suallar verilməmişdi».
«Yeni Müsavat» qəzeti İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun müsahibəsini dərc edib. İqtisadçı bildirir ki, çörəyin qiyməti iki dəfə artacaq. Onun sözlərinə görə, çörək və un məhsullarının qiymətlərində gizli inflyasiya gedir: «Burada bahalaşmadan çox çəkinin azalmasına, keyfiyyətin aşağı düşməsinə gətirib çıxaran proseslərə rəvac verilir. Hazırda 0,5 kiloqram çörəyin qiyməti 30 qəpikdirsə, bir neçə aydan sonra bu qiymət iki dəfə artacaq. Bu, son qiymət olmayacaq».
«Üç nöqtə» qəzeti yazır ki, məcburi köçkünlər Avropa Məhkəməsinə mindən artıq şikayət göndərib. İnsan Haqları üzrə Avropa Məhkəməsində Azərbaycan dövlətinin səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib ki, bu şikayətlərlə əlaqədar iki ilə yaxındır ki, yazışmalar aparılır.
«Azadlıq» qəzeti yazır ki, Azərbaycan hakimiyyətinin üzdə Ermənistana qarşı sərt mövqe sərgiləməsinə baxmayaraq, hər iki ölkənin iqtidarı arasında əlaqələrin olduğu faktdır. Özü də bu əlaqələr işgüzar və biznes münasibətləri üzərində qurulub. Qəzet yazır ki, Azərbaycan oliqarxlarıyla erməni məmurları ortaq biznes qurmaqdan belə çəkinmirlər: «Müəyyən səlahiyyət sahiblərinin isə hətta qeyri-rəsmi səviyyədə dəfələrlə Ermənistanın hakimiyyət nümayəndələrilə görüşdükləri bildirilir».
«Azadlıq» bildirir ki, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun 2007-ci ildə atdığı bir addım ermənilərə ciddi şəkildə xeyir verib: «Məlumata görə, 2007-ci ildə mərkəzi ofisi Cenevrədə yerləşən Beynəlxalq Təbiəti Mühafizə Təşkilatı Azərbaycan qoruqlarının mühafizəsi üçün 1,5 milyon dollar qrant ayırmaq niyyətindəymiş. Bununla bağlı təşkilatın Tbilisidə yerləşən regional ofisində də bir neçə dəfə müzakirə aparılıb. Ötən il ekologiyaya həsr olunmuş bir tədbirdə adıçəkilən təşkilatın rəhbərliyi Azərbaycan qoruqlarının mühafizə edilməsi məqsədilə 1,5 milyon dollar qrant ayırmaq istəyində olduqlarını Bağırovun diqqətinə çatdırıblar. Bağırov da təkliflə bağlı araşdırma aparıb məlumat verəcəyini bildirib. Çox keçmədən Ekologiya və Təbii Sərvətlər nazirinin təklifi rədd etdiyi vurğulanır. Nazir qrantdan imtinanı belə əsaslandırıb ki, «bu, Azərbaycanın maraqlarına ziddir». Azərbaycanlı nazirin imtinasından sonra isə həmin qrant Ermənistana ayrılıb».