Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 23:22

Müəllimlərin taxıl biyarı


Artıq Naxçıvanda müəllim, həkim, mühəndis və alim taxılçılar var
Artıq Naxçıvanda müəllim, həkim, mühəndis və alim taxılçılar var

Naxçıvanda müəllim taxılçılar indi də su və gübrə problemiylə üzləşiblər. Ona görə müəllim taxılçılar deyirik ki, artıq Muxtar Respublikada müəllim, həkim, mühəndis və alim taxılçılar var. Belə ki, 2007-ci ilin sonunda Naxçıvanda taxıl sahələrinin genişləndirilməsi üçün əksər idarə və müəssisə işçilərinə öz pay torpaq sahələrində məcburi taxıl əkmək göstərişi verilib.


Kənd yerlərində müəllimlərin sayı çox olduğundan onlar xüsusi nəzarətə götürülüblər. Müəllimlər deyirlər ki, taxıl əkmək xeyir vermədiyindən onlar bu işə baş qoşmaq istəməyiblər, ancaq məcburdurlar, yoxsa işlərindən olarlar: «Əkməyinə əkdik, daha doğrusu, borc-xərc pul tapıb buğdanı yerə səpdik. İndi qalmışıq çarəsiz, nə su tapa bilirik, nə də ki, gübrə».


Aqrotexniki qaydalara görə, hər hektara ən az 300 kiloqram azot və kalium gübrəsi verilməlidir. Taxılçılar isə hələ bunun 1 kiloqramını da torpağa səpməyiblər. Gübrə ilə təmin olunmadığından əkdikləri sahədən 35-40 sentner məhsul gözləyən torpaq sahiblərinin sözlərinə görə, gübrə olmasa, hektardan heç 10-15 sentner məhsul da götürə bilməyəcəklər.


Lazımı miqdarda gübrənin olmaması isə torpaqdan əldə edilən gəlirin 70-80% azalmasına səbəb olur. İtirilən pullar isə taxılçının öz gəlirindən gedir. Gübrə, su bir tərəfə, torpaq sahiblərinin bəziləri heç yanacağın bahalaşması ilə əlaqədar ayrılan 40 manat vəsaiti belə ala bilmirlər. Deyirlər, xeyli get-gələ salındıqdan sonra onlara vaxtın bitdiyini, pulu ala bilməyəcəklərini bildiriblər.


Naxçıvan Muxtar Respublikası aqrolizinq təşkilatı məsələyə münasibət bildirmək istəmədi. Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyindən isə dedilər ki, bundan sonra hər şey yaxşı olacaq. Kənd təsərrüfatının dirçəldilməsi ilə bağlı yeni proqram hazırlanır. Proqramda kənd təsərrüfatına əlavə dotasiya və subsidiyaların ayrılması ilə yanaşı, aqrokimyəvi xidmətlərin də artırılması nəzərdə tutulur. Gübrədən əllərini üzən müəllim taxılçılar isə indi bütün ümidlərini təbiətə bağlayıblar: «Bəlkə yağış yağa, buğda bitə…»


XS
SM
MD
LG