Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:19

İlham Əliyev Qərbə meydan oxudu


İlham Əliyev: «Biz buna nə qədər dözməliyik?»
İlham Əliyev: «Biz buna nə qədər dözməliyik?»

«Gün səhər» qəzeti:


«Beynəlxalq ictimaiyyət Ermənistanda baş verən hadisələrə göz yumur».


Bunu prezident İlham Əliyev Füzuli rayonunun Horadiz qəsəbəsində bəyan edib. O, bir sıra aparıcı Qərb ölkələrini ikili standartlarla siyasət yürütməkdə də günahlandırıb: «Orada onlarla dinc insan öldürülüb. Necə ola bilər ki, buna göz yumulur? Heç bir xarici mətbuatda, televiziyada bununla bağlı heç nə deyilmir. Amma başqa yerdə xırda bir hadisə baş verən kimi haray salınır ki, burada demokratiya yoxdur. Biz buna nə qədər dözməliyik?»…


Prezident deyib ki, bu, bölgədəki ayrı-seçkilikdən xəbər verir: «Azərbaycan belə siyasəti rədd edir və bununla heç vaxt barışmayacaq»…


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirir ki, beynəlxalq məsələlərə yanaşmalarda ayrı-ayrı dövlətlərin öz maraqlarını nəzərə alması təbii haldır: «Lakin Azərbaycanın üzərinə götürdüyü öhdəliklər var və ölkəmiz həmin öhdəliklərə sadiq olmalıdır».


Bununla belə, Ümid Partiyasının sədri İlham Əliyevin fikirlərini anti-Qərb bəyanatı kimi dəyərləndirmir: «Hesab etmirəm ki, bu, Qərb əleyhinə verilmiş bəyanatdır. Sadəcə, seçkiöncəsi daxili auditoriya üçün deyilmiş fikirlərdir. Prezident daha çox daxili auditoriyanı seçkilərə inandırmağa çalışır, seçkilərə inamla getdiyini, hakim partiyanın heç kimdən asılı olmadığını və kimsədən çəkinmədiyini göstərmək istəyir».


Politoloq Elxan Mehdiyev prezidentin bu bəyanatla çıxış edəcəyini gözlənilən sayır: «Bu, SSRİ dönəmində ölkədə insan haqlarının, siyasi hüquqların boğulmasına dair Qərb ölkələrinin bəyanatlarına kommunist rəhbərlərin verdikləri cavabı xatırladır. Bu göstərir ki, hakimiyyət dünyada demokratiya ilə bağlı gedən prosesləri qəbul etmək niyyətində deyil…»



«Yeni Müsavat» qəzeti:


Aprelin 18-də Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndi küçələrinə çıxmış yüzlərlə qarabağlı erməni qiymətlərin bahalaşmasına etiraz olaraq aksiyalar keçiriblər. Aksiya iştirakçıları Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın iqamətgahının qarşısına qədər yürüyüblər.


Burada onları hərbçilər və milis qarşılayıb.


Bahalaşmaya etiraz edənlərlə milisin toqquşması nəticəsində aksiya iştirakçılarından 5 nəfər yaralanıb, 14 nəfər həbs edilib.


Dağlıq Qarabağda yeni yaradılmağa başlanan «Demokratik İslahatlar Uğrunda» və «Demokratik Qarabağ» hərəkatlarının təşkil etdiyi bu aksiyanın məqsədi ərzaq məhsulları, enerji, kommunal tarifləri və yanacağın bahalaşmasına etirazdır...


«Demokratik Qarabağ» hərəkatının təşkilat komitəsinin sədr müavini Haruyr Poqosyanın dediyinə görə, Xankəndidə hakimiyyət mənsubları yerli xalqın etirazını hər vəchlə gizlətməyə çalışır.


«Saakyanın adamları kütləvi informasiya vasitələrinin nümayəndələrini aksiyaya buraxmamışdılar... Qiymətlər az qala hər həftə qalxır. İndi Dağlıq Qarabağda 3 nəfərdən ibarət ailənin normal yox, alababat yaşaması üçün ayda ən azı 500 dollar gərəkdir. Lakin belə ailələrin tam əksəriyyətinin aylıq gəliri 200 dollardan çox deyil. Yaxşı yaşayanlar yalnız məmurlar, hərbçilər, milis və biznesmenlərdir. Biz də belə həyata etiraz edirik, islahatlar tələb edirik», - H. Poqosyan «Kroonq» agentliyinə bildirib.



«Yeni Azərbaycan» qəzeti:


Müsavat Partiyasının mayın 4-ə planlaşdırdığı kütləvi aksiyanın heç də söylənən mərama, məqsədə hesablanmadığı indidən üzə çıxır...


Müsavat Partiyası keçirəcəyi mitinqdə başqa müxalifət partiyalarının da iştirak edəcəyini bildirir, amma ad çəkmir. Təbii ki, çəkə də bilməz. Çünki bu işdə heç kimin onlara dəstək verməyəcəyini dəqiq bilən partiya yanlış informasiya ilə manipulyasiya etmək istəyir.


Açıq Cəmiyyət Partiyasının sədr müavini Nizami Məmmədov mitinq müzakirəsinin süni bir şoudan başqa heç bir şey olmadığını dedi: «...Bu mitinqin keçirilməsi süni prosesdir və heç bir nəticə vəd etmir. Müsavat Partiyası siyasi təşkilat olaraq imicini 2005-ci ildə itirib. Əhalinin də bu mitinqə dəstək verəcəyini, orada iştirak edəcəyini söyləmək absurddur. Orada yenə 5-10 müsavatçıdan başqa heç kim iştirak etməyəcək... Bu millət bilir ki, müxalifət rəhbərlərinin atdıqları bütün addımlar öz maddi rifahlarını yaxşılaşdırmağa doğru atılan addımlardır və şəxsi ambisiyalara hesablanıb»…


XS
SM
MD
LG