«Dünya ermənilərin tərəfindədir. Biz nəticə çıxarmalıyıq. Çünki Azərbaycana olan münasibət ədalətli deyil». Prezident İlham Əliyev cəbhə bölgəsi olan Füzuli rayonuna aprelin 18-də səfəri zamanı belə deyib.
İlham Əliyev deyib ki, Qarabağ münaqişəsinin həllində Azərbaycanın prinsipial mövqeyi məlumdur və bundan geri çəkilməyəcək.
«Növbəti aylarda danışıqlar prosesi bizim hara getdiyimizə aydınlıq gətirməlidir. Ermənistan başa düşməlidir ki, belə siyasətin gələcəyi yoxdur»-, deyə dövlət başçısı bildirib.
Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrləri isə hələlik yeni təkliflərinin olmadığını bildirirlər.
Prezident deyir ki, danışıqlarda bütün rayonların qaytarılması nəzərdə tutulur. Əvvəl beş, az sonra isə digər iki rayonun qaytarılmasından söhbət gedir:
«Ancaq necə olur ki, bundan sonra ermənilər Laçın rayonun inkişafı ilə bağlı beynəlxalq konfrans çağırırlar. Bu göstərir ki, Ermənistan danışıqlarda səmimi deyil. Müxtəlif bəhanələrlə danışıqları uzadırlar. Bunu beynəlxalq təşkilatlar da bilir. Ancaq göz yumurlar. Ermənistanda olan son hadisələrə münasibət də bunu təsdiqləyir. Dünyada demokratiyanın simvolu olan ölkələr Ermənistanda baş verən hadisələrə göz yumur».
İlham Əliyev daha sonra bildirib: «Ürək ağrısı ilə deyirəm ki, beynəlxalq səviyyədə ədalətsizliklə üzləşəndə adam üzülür. Ermənistan-Azərbaycan arasında münaqişədə bizim prinsipial mövqeyimiz məlumdur və biz ondan geri çəkilməyəcəyik».
Prezident Azərbaycan ordusunun əsgər və zabitləri ilə görüşdüyünü bildirib və əlavə edib ki, Azərbaycan ordusu hazırda bölgənin ən peşəkar ordusudur.
Yeni seçilmiş Ermənistan prezidenti Serj Sarkisyan isə deyib ki, Azərbaycan Qarabığın itirilməsi ilə barışmalıdır və Ermənistan danışıqlarda millətlərin öz müqəddəratını təyin etmə prinsipindən geri çəkilməyəcək.