Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Çörəyin qiyməti qalxa bilərmi?


«İdxal azalsa, bu unun və un məmulatlarının qiymətinə təsirsiz ötüşməyəcək»
«İdxal azalsa, bu unun və un məmulatlarının qiymətinə təsirsiz ötüşməyəcək»

Qazaxıstan xaricə ən çox taxıl satan dünyanın 5 ölkəsindən biridi. İldə 10 milyon tondan çox taxıl ixrac edən Qazaxıstanda hökumət ölkə daxilində qıtlıq yaranmasından və çörəyin qiyməti qalxmasından narahatdır. Ona görə də qazax hökuməti qərara gəlib ki, sentyabra qədər xaricə taxıl satmasın. Baş nazir Kərim Məsimovun keçən həftə dediklərini eşidəndə qazaxlardan taxıl almaq istəyən ölkələr əməlli-başlı təlaşa düşüblər.


Baş nazir deyib ki, «biz ya xaricə taxıl satmağa rüsum qoymalıyıq, ya da ixracı tam qadağan etməliyik». Amma sonradan baş nazirin ofisindən bildiriblər ki, taxıl qadağasının un ixracına aidiyyatı olmayacaq.


Azərbaycanın da xaricdən aldığı taxılın nə az-nə çox 66 faizi Qazaxıstanın payına düşür, bunu «Azadlıq» Radiosuna Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Məmməd Hüseynov deyib. Alınan taxılın hamısı çörək və başqa un məmulatlarının istehsalına getmir, yem tədarükü üçün də istifadə olunur. Məmməd Hüseynov bildirir ki, Qazaxıstanın qoyduğu embarqonun Azərbaycana təsiri olmayacaq, çünki ölkənin kifayət qədər taxıl ehtiyatı var:


«Bu ilin əvvəlindən xaricdən 250 min ton taxıl almışıq, bu il yanvarın 1-ə kimi anbarlarda 760 min ton ehtiyat var idi. Görəcəksiz ki, ölkədə heç bir qıtlıq olmayacaq».


Amma müxalifət mətbuatı yazır ki, Azərbaycan xaricdən gətirilən taxıldan çox asılıdır və dünya bazarına çıxarılan məhsulun azalması qiymətlərin bahalaşmasına və nəticədə Azərbaycanda da çörək və un məmulatlarının qiymətinin qalxmasına səbəb olacaq.


Taxılın qiyməti dünyada son 30 ildə ən yüksək həddə qalxıb. Bunun əsas səbəblərindən biri kimi iqlim dəyişmələrini göstərirlər. Məsələn, onilliklərdi ki, Orta Asiyada bu ilki kimi şaxta olmamışdı. Bu da öz növbəsində Tacikistan, Qırğızıstan və Özbəkistandakı məhsula çox böyük ziyan vurub. İndi bu ölkələr bu ziyanın əvəzini Qazaxıstandan taxıl almaqla çıxmaq istəyirlər.


Tacikistan Milli Universitetindən Odil Olimşoev deyir ki, Qazaxıstanın embarqosu Tacikistandakı onsuz da gərgin olan vəziyyəti bir az da pisləşdirəcək:


«İdxal azalsa, bu unun və un məmulatlarının qiymətinə təsirsiz ötüşməyəcək. Bu elə bir vaxtda baş verir ki, onsuz da çörək bahalaşıb. İndi hər şey başqa taxıl ixracatçılarından asılıdır. Amma bu həm də onu göstərir ki, biz öz ölkəmizdə taxıl istehsalını artırmaq barədə düşünməliyik. Başqa ölkələrdən asılılığımızı azaltmalı və bununla da ərzaq təhlükəsizliyimizi gücləndirməliyik».


Xaricə taxıl satan başqa böyük ölkələr Ukrayna və Avstraliyada isə quraqlıq məhsuldarlığa ziyan vurub. Ukrayna da ixracı azaltmağa məcbur olub. Keçən il Avstraliya da xaricə satdığı taxılı az qala 2 dəfə azaltmışdı. Rusiya hökuməti də bəzi məlumatlara görə ölkənin içində qiymətləri sabit saxlamaq üçün ixracı azaltmağa çalışır.


Bununla yanaşı taxıla tələbat artır. Bu eyni zamanda Braziliya və Hindistan kimi böyük ölkələrdə, həmçinin Misir, Cənubi Koreya və başqa dövlətlərdə də narahatlıq yaradıb. Məsələn, Misir qiymətlərin qalxmasından ehtiyat edərək, keçən il həmişə aldığından 10 dəfə çox taxıl alıb.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG