Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

«Biz gördüyümüz işlərlə fəxr edirik»


«Biz demokratik dəyərləri müdafiə edirik və bu işdə heç bir kompromisə yol vermirik»
«Biz demokratik dəyərləri müdafiə edirik və bu işdə heç bir kompromisə yol vermirik»

«Azad Avropa və Azadlıq Radioları» Korporasiyasının prezidenti Ceff Gedmin «İşdən sonra» proqramına müsahibə verib.


-Cənab Gedmin, keçirdiyiniz görüşlər, prezident İlham Əliyevlə və digər rəsmilərlə görüşlər Sizdə hansı təəssürat yaratdı? Müvafiq sahələrdə vəziyyəti necə qiymətləndirirsiniz?


-Bu mənim Azərbaycana ilk səfərimdir. Çox qısa belə dəyərləndirmə verə bilərəm ki, Azərbaycan ilk növbədə Amerikanın strateji tərəfdaşıdır və Amerika bu tərəfdaşlığı yüksək dəyərləndirir. İkincisi prezident və başqa hökumət nümayəndələri ilə görüşərkən biz qeyd etdik ki, «Azadlıq» Radiosu üçün müəyyən dəstək var və biz bunu yüksək qiymətləndiririk.


Media və mətbuat azadlığı məsələsinə gəldikdə isə bizim bu məsələdə prezident və hökumət nümayəndələri ilə fikir ayrılığımız mövcuddur. Prezidentin bu vəziyyətlə bağlı dəyərləndirməsi çox pozitivdir. Onlar hesab edirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı heç bir problem yoxdur və yaxud problemlər çox azdır. Bizim isə bu barədə fikrimiz fərqlidir. Biz hesab edirik ki, media azadlığı ilə bağlı Azərbaycanda müəyyən problemlər mövcuddur.


-Son zamanlar müşahidələr göstərir ki, Azərbaycan dinləyicisi Azadlıq Radiosundan daha çox şey gözləyir. Obyektiv informasiya, demokratiyanı dəstəkləməkdən başqa, yəni bundan daha çoxunu radiomuz dinləyicisinə təqdim edə bilərmi? Yəni dinləyici öz gözləntilərində haqlıdırmı? Daha ümumi soruşsam, «Azadlıq» Radiosunun işi nə məqsəd daşıyır?


-Biz xəbər yayan bir təşkilatıq, biz təbliğat aparmırıq. Yəni hər hansı siyasi qrupu və partiyanı dəstəkləmək kimi missiyamız yoxdu. Bizim məqsədimiz azad və müstəqil xəbər yaymaq, informasiyanın və ideyalarının azad mübadiləsini, azad axınını təmin etməkdir. Mən şadam ki, bizim dinləyicilərimizin bununla bağlı xüsusi fikirləri, təklifləri və gözləntiləri var.


Biz əlbəttə ki diş pastası istehsal etmirik, amma bizim istehsal etdiyimiz də müəyyən bir məhsuldur. Mən bu məhsulun keyfiyyətli ilə bağlı fikirləri eşitməyə çox şadam. Mən təşviq edirəm ki, dinləyicilərimiz bizim işimizə münasibət bildirsinlər. Biz onların fikir və təkliflərini hər zaman eşitməyə və onların gözləntilərini qarşılamağa şad olarıq.


-Azərbaycanda yayım planlarına daha nələr daxildir? Hazırda yayım ərazisi ölkənin müəyyən hissəsini əhatə edir. Perspektivdə bunu genişləndirmək məqsədi varmı?


-Əlbəttə ki biz yayım arealımızı genişləndirməyə həmişə hazırıq və buna çox şad olardıq. Amma iki məsələyə bağlıdır: birincisi maliyyə imkanları və ikincisi Azərbaycan hökumətinin bizim yayım arealını genişləndirmək üçün göstərəcəyi əməkdaşlıq səviyyəsidir.


Bizim missiyamıza gəldikdə isə dəqiq və ədalətli düşünülmüş xəbər yayımını təşkil etmək bizim missiyamızdır. Bizim missiyamız digər KİV-lərdən fərqli deyil, biz də onlar kimi dəqiq və qərəzsiz xəbər yaymaq funksiyasını qarşımıza qoymuşuq.


Bununla yanaşı bizim dəstəklədiyimiz dəyərlər var. Həmin dəyərlər demokratiya və demokratik təsisatların inkişafıdır. Biz həmin dəyərlərin təşviqini həyata keçirməyə çalışırıq. Müəyyən universal dəyərlər var ki, biz onları müdafiə edirik. Bu insan azadlıqları, şəxsi azadlıqlar, söz, ifadə və toplaşmaq azadlıqlarıdır. Müstəqil məhkəmə və ədliyyə sisteminin mövcudluğudur ki, məncə bu demokratiyanın olması üçün xüsusi ilə vacib komponentlərdən biridir. Bu dəyərləri biz müdafiə edirik və həmin dəyərlərin müdafiə işində heç bir kompromisə yol vermirik.


-Azərbaycan mətbuatında son zamanlar «Azadlıq» Radiosunun internet səhifəsində, mən Azərbaycan xidmətinin saytını nəzərdə tuturam, məqalələri olduğu kimi götürüb istifadə edirlər. Bu bir tərəfdən yazıların maraqlı olmağına dəlalət edirsə, digər tərəfdən isə, müəllif hüquqlarının qorunmadığını göstərir. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan KİV-ləri internet saytının materiallarına istinadsız olaraq səhifələrində yerləşdirirlər. Bu baxımdan «Azadlıq» Radiosu müəllif hüquqlarının qorunması sahəsində hansı konkret müdafiə üsullarından istifadə edə bilər?


-Mən prezident olaraq bu suala belə cavab vermək istərdim ki, biz gördüyümüz işlərlə fəxr edirik. Bu böyük şərəfdir ki, bizim istehsal etdiyimiz məsullardan istifadə olunur. Demək bizim hazırladığımız materiallar maraqlıdır. Mən üzümü professionallara tutub demək istəyirəm ki, biz məmnunuq ki, siz bizim reportajlarımızdan istifadə edirsiniz sadəcə oxucularınıza, dinləyicilərinizə həmin materialların haradan gəldiyini deyin. Biz də öz növbəmizdə sizin məhsullarınızdan istifadə edərkən eyni prinsipləri gözləyəcəyik.


-Məlumdur ki, «Azadlıq» Radiosu Birləşmiş Ştatların Konqresi tərəfindən maliyyələşir. Bu şəraitdə necə alınır ki, «Azadlıq» Radiosu öz müstəqilliyini qoruyub saxlaya bilir?


-Əlbəttə bizi konqres maliyyələşdirir, amma, hüquqi baxımdan biz tamamilə müstəqilik. Nə konqresdə, nə hökumətdə heç kim bizim üzərimizdə yaradıcı nəzarət tətbiq edə bilməz. Konqresdə, hökumətdə, prezident administrasiyasından heç kim bizdə hansı materialların, reportajların gedə bilməsi haqqında göstəriş verə bilməz.


Bizi maliyyələşdirən tərəf kimi onların müəyyən nəzarəti var. Biz onlara müəyyən layihə məsələn, bu ölkədə coğrafi yayım arealını genişləndirməklə bağlı layihə irəli sürsək, onların bizə «hə» və ya «yox» demək kimi səlahiyyətləri var. Çünki konqres seçicilərin verdikləri vergilər hesabına bizi maliyyələşdirirlər. Yəni onların da məsuliyyəti var.


Buna da bax:

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG