Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:07

Həmsədrlər GUAM-ın tədbirinə gəlməyiblər


Yuri Merzlyakov bildirib ki, həmsədrlərin Bakıya gəlməmələri texniki səbəblə bağlıdır
Yuri Merzlyakov bildirib ki, həmsədrlərin Bakıya gəlməmələri texniki səbəblə bağlıdır

ATƏT-in Minsk qrupu həmsədrləri GUAM ölkələrinin Bakıda keçirilən tədbirində iştirakdan boyun qaçırıblar.


Bu barədə «Azadlıq» radiosuna Xarici İşlər nazirinin müavini Araz Əzimov məlumat verib.


«GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları» adlı beynəlxalq konfrans aprelin 15-də işə başlayıb. Tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ilə yanaşı, bir sıra Avropa ölkələrinin diplomatları və konfliktoloqlar iştirak edirlər.


Əzimov deyib ki bu konfrans «dondurulmuş münaqişələr»i həll edə bilməyən beynəlxalq vasitəçilərin fəaliyyətinə cavabdır. Həmsədrlər gəlsəydilər nizamlama haqqında alternativ fikirlər eşitməklə yanaşı, öz mövqelərini də bildirərdilər.


«Təəssüf ki, həmsədrlər bu konfransa gəlməyiblər. Dəvət edilmişdilər. Lakin son anlara qədər bizi gözlətdilər. Ola bilsin bu onların şəxsi proqramlarına uyğun olmayıb. Ancaq məncə onların fəaliyyəti məhz bu məsələ ilə bağlıdır».


Nazir müavini deyib ki, münaqişələri durğunluqdan çıxarmaq üçün iki variant mümkündür. Sülh səylərini sona çatdırmaq və yaxud heç kəsin istəmədiyi müharibə.


Əzimov habelə bildirib ki, Bakı konfransından sonra GUAM ölkələri ötən il BMT Baş Assambleyasında irəli sürdükləri «Dondurulmuş münaqişələr» adlı qətnamə layihəsinin səsverməyə çıxarılması üzərində düşünəcəklər:


«Qətnamə layihəsi hələ ki, Baş Assambleyanın gündəliyindədir. Yəqin ki, gələcəkdə onun səsə qoyulması üçün kifayət qədər əsas olacaq, həm də tərəfdaşlarımızın siyasi iradəsi möhkəmlənəcək».


GUAM-ın müəllifi olduğu «Dondurulmuş münaqişələr» adlı sənəd Dağlıq Qarabağ, Abxaziya və Dnestryanı münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə beynəlxalq dəstəyin verilməsini nəzərdə tutur.


ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov «Azadlıq» radiosuna bildirib ki, Bakıya gəlməmələri texniki səbəblə bağlıdır. Belə ki, həmsədrlər aprelin 16-da Vyanada görüşməyi qərara alıblar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG