Aprelin 15-də Bakıda Amerika ilə Azərbaycan arasında növbəti hərbi məsləhətləşmələr başlayır. ABŞ nümayəndə heyətinə bu ölkənin müdafiə nazirinin müavinin NATO və Avropada siyasi məsələlər üzrə köməkçisi Daniel Feta rəhbərlik edir.
Bir neçə gün öncə Amerikanın Azərbaycandakı səfiri Enn Dersi deyib ki, hərbi məsləhətləşmələrin əsas mövzusu Azərbaycanın müdafiə islahatlarının həyata keçirilməsində Amerikanın yardımları, NATO çərçivəsində Fərdi Tərəfdaşlıq Planının ikinci mərhələsinə dəstək və başqa məsələlərdir.
«Hər il iki ölkə arasında belə məsləhətləşmələr aparılır və Azərbaycanda müdafiə islahatlarının həyata keçirilməsinə yardımları əhatə edir. Amerika Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Planına çox böyük dəstək verir və Azərbaycan bu planın birinci mərhələsini yekunlaşdırıb. Biz Azərbaycanın dəniz və quru sərhədlərinin qorunmasında bacarıqlarının artırılmasına da yardım edirik».
Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik «Azadlıq» radiosuna deyib ki, məsləhətləşmələr çərçivəsində Qəbələ RLS-lə bağlı müzakirələr nəzərdə tutulmayıb. Onun sözlərinə görə, məsləhətləşmələr əsasən Azərbaycan NATO Fərdi Tərəfdaşlıq Planının ikinci mərhələsində ABŞ-ın yardımlarını əhatə edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim isə Azərbaycan-NATO münasibətlərinin müsbət inkişafda olduğunu deyir.
Müstəqil politoloqlar isə Amerika Azərbaycan hərbi məsləhətləşmələrinin mövzusunun bir qədər geniş olacağı fikrindədirlər. Politoloq Elxan Mehdiyev deyir ki, bura həm də antiterror və kəşfiyyatla bağlı əməkdaşlıqlar da daxildir.
Elxan Mehdiyevin fikrincə, rəsmi Bakı bu cür məsləhətləşmələrdən daha çox hərbi deyil, siyasi qazanc güdür: «Azərbaycan Amerika ilə hərbi əməkdaşlığı genişləndirməklə həm ölkə daxili, həm də Ermənistanla münasibətdə Amerikadan dəstək gözləyir».
Şərq Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, Azərbaycan bu cür məsləhətləşmələrdən ölkə üçün təhlükəsizlik zəmanətləri əldə edə bilər. Amerikanın qazancına gəlincə isə, o, Xəzər hövzəsinin əsas enerji ixracatçısı olan Azərbaycanı hər sahədə, o cümlədən hərbi sahədə özünə müttəfiq hesab edir.